Bu gün İnforrmasiya Texnologiyaları İnsitutunda Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin(FRTEB) 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim olunub.

Akademik Rasim Əliquliyev hesabatla bağlı təqdimatında görülən işləri, problemləri və təklifləri qeyd edib. Bildirilib ki, FRTEB-i 7 elmi institutu (Riyaziyyat və Mexanika, İT, Fizika, İdarəetmə Sistemləri, Radiasiya İnstitutu və s. ), 1700-dən çox əməkdaşı, təxminən 1000 elmi işçini əhatə edir.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də tədbirdə diqqəti cəlb edən bəzi məqamları açıqlayıb:

“Ölkənin ən aparıcı 7 elmi institut üzrə 30 yaşadək heç bir elmlər doktoru yoxdur, cəmi bir fəlsəfə, 40 yaşadək isə yalnız 4 elmlər doktoru var. Həmçinin bölmə üzrə bir alimə olan istinadların sayı cəmi 29 olub. Bu bölmə üzrə xaricdə dərc olunan elmi məqalə sayı üzrə orta məhsuldarlıq bir alim üzrə ildə 2 məqalə olub. SCOPUS və WoS bazası üzrə 2 ildə hər bir alimin 1 məqaləsi dərc olunub.”