Xəbər verdiyimiz kimi, bu gündən etibarən alış-veriş zamanı istifadə edilən polietilen torbaların pulla satışına başlanılıb.

İqtisadiyyat.az bildirir ki, bu qərarla bağlı saytımıza danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, polietilen torbalar onsuz da bu günə qədər istehlakçıya havayı verilmirdi:

"Maya dəyərinə nələrin daxil olduğuna baxın: Məhsulun maya dəyərinə istehsal prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının qiymətləndirilmiş dəyərini, həmçinin onların istehsalına və satışına sərf edilən məsrəflər. Torbanın xərci də yazdığım sonuncu hissədə gizlənirdi.

 

 

İndi bu xərci sadəcə çek üzərində 3-5 qəpik göstərəcəklər ki, insanlar məsuliyyətli olub, torbalardan lazımlı-lazımsız istifadə edib, təbiətə tullamasınlar. Torbalar nisbətən ekoloji tələblərə uyğun olsun, insanlar da daha səmərəli istifadə etsin. Bu günə qədər torbanın qiyməti çek üzərində yazılmadığına görə elə bilirdik ki, market sahibi cibindən bizə polietilen torba alır. Xeyr, elə şey yoxdur".  

İqtisadçı əlavə olaraq qeyd etdi ki, bu qərar ekoloji tarazılığın qorunmasında və insanların ekologiyaya diqqətinin formalaşmasında öz rolunu oynayacaq.