Ölkədə aktual mövzulardan bir də xaricdən gələn telefonların qeydiyyatdan keçirilmə prossesidir. Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin rahatlığının təminatı olsa da, hələ də anlaşılmayan məqamlar qalmaqdadır. Sistem necə tənzimlənir? İqtisadiyyat.az saytı mobil cihazların qeydiyyatı ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İctimaiyyətlə əlaqələr sektoruilə müsahibəni təqdim edir:

1. Ölkəyə daxil olan mobil cihazların qeydiyyatı necə həyata keçirilir?

Fiziki şəxslər tərəfindən istifadə üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə Nazirlər Kabinetinin 2018-ci il 31 iyul tarixli 336 nömrəli qərarı ilə dövlət rüsumu müəyyənləşdirilib. Qərarın tələblərinə uyğun Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalr Nazirliyinin Məlumat Hesablama Mərkəzində texnoloji infrastruktur yaradılıb, vətəndaş heç yerə getmədən məsafədən www.IMEI.az saytı vasitəsi ilə onlayn qaydada mobil cihazını qeydiyyatdan keçirə bilir.

2. Bəs, IMEI  nömrəsi nədir?

IMEI  nömrəsi mobil cihaz üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrədir. Bu Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin edilir və yalnız mobil cihaz istehsalçısı olan şirkətlərə ayrılır. IMEI  nömrəsi rəqəmlərin kombinasiyasından təşkil olunmuşdur. Hər bir mobil cihazın IMEI  nömrəsi 15 rəqəmdən ibarətdir.

3. Əgər abunəçi cihazının IMEI kodunu unudubsa, yenidən necə öyrənə bilər?

Hər-hansı mobil cihazda *#06# yığmaqla IMEI nömrəsini müəyyən etmək olar.

4. Abunəçi telefonu bir dəfə qeydiyyatdan keçirir, lakin, ikinci dəfə yenidən qeydiyyat tələb olunur. Bu nə ilə bağlıdır?

IMEI 1 dəfə qeydiyyata alınıbsa həmin IMEI üçün heç bir halda 2-ci dəfə qeydiyyat tələb olunmur. IMEI  hər hansı bir səbəbdən bağlanıbsa bərpa olunur.

Əgər telefonun hansısa detalının dəyişdirilməsinə görə IMEI kodu dəyişilirsə və proses müvafiq sənədlərlə təsdiq edilirsə, bu zaman yeni IMEI kodun qeydiyyatı üçün heç bir rüsum tələb olunmur. Mobil cihaz xarab olduqda və istehsalçı şirkət və ya mağaza onu yenisi ilə əvəz etdikdə telefon yeniləndiyi üçün yenidən qeydiyyatdan keçirilməli olur və yeni IMEI kodun qeydiyyatdan keçirilməsi üçün dövlət rüsumu tələb olunur.

5. Marka və modelindən asılı olaraq, qeydiyyat üçün dövlət rüsumu nə qədər təyin edilib? 

  • Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat;
  • bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat;
  • bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manat;
  • bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat;
  • bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat;
  • bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu ödənilir.
  • Marka və modeli, habelə bazar qiyməti müəyyənləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir.

İki simkartlı mobil cihazların qeydiyyata alınması zamanı 2 IMEI üzrə bir dövlət rüsumu tələb edilir.

6. Hansı hallarda mobil cihazın qeydiyyatı aparılmır?

Mobil telefon IMEI  standartlara uygun olmayanda həmin cihazın qeydiyyatı aparılmır.

QEYD: Məlumat üçün bildirək ki, mobil cihaza simkart daxil edildikdən dərhal sonra  fasilələrlə istifadə olunduğu halda belə 30 günün tamamında cihaz bağlanır. Aktivləşdirilməsi üçün isə hər modelə görə təyin olunmuş dövlət rüsumu ilə qeydiyyatdan keçirilməlidir.