Dövlət büdcəsinə proqnozdan çox valyuta daxil olması, valyuta hərraclarında xarici valyutaya tələbin azalması DNF transfertlərinin aşağı icrasını şərtləndirib.

İqtisadiyyat.az xəbər verir ki, bu, Hesablama Palatasının “Dövlət büdcəsinin icrası barədə yarımillik məlumata xülasəsi”ndə yer alıb.

Qeyd edilib ki, hesabat dövründə 45 valyuta hərracında 1571,1 mln. ABŞ dolları həcmində valyuta satışı reallaşdırılıb. Baxılan dövrdə valyuta tələbi ötən ilin müvafiq dövründən 1,7 dəfə az olub. Tələbin azalması tədiyə balansında müsbət saldonun, o cümlədən dövlət büdcəsinin xarici valyutada daxilolmalarının və xaricdən daxil olmuş fiziki şəxslərin pul baratlarının (l rüb üzrə təxminən 2 dəfə) artmaqda davam etməsi ilə izah olunur. Valyutaya tələbin azalmasının digər göstəricisi kimi nağd valyuta bazarında banklar tərəfindən ABŞ dollarının alışının satışını üstələməsi qeyd oluna bilər. Xarici valyutaya tələbin azalması və dövlət büdcəsinə vergi və gömrük orqanları xətti ilə təmin olunan daxilolmaların yüksək icrası dövlət büdcəsinə DNF transfertlərinin aşağı icrası ilə nəticələnib.