İsrailin Livandakı Hizbullah hərəkatının hərbi obyektlərinə kütləvi zərbələr endirməsi səbəbindən Yaxın Şərqdə vəziyyətin pisləşməsindən sonra Avropa İttifaqı (Aİ) ölkələri xarici işlər nazirlərinin fövqəladə iclasını çağırmaq niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Aİ diplomatları Yaxın Şərqdə sürətlə artan münaqişəyə cavab vermək üçün virtual formatda xarici işlər nazirlərinin görüşünü hazırlamağa başlayıblar. Vurğulanır ki, bəzi icma üzvləri sentyabrın 30-da görüşün keçirilməsinə razılıq veriblər. 

Xatırladaq ki, sentyabrın 17 və 18-də Livanda bir sıra rabitə cihazlarının partladılmasından sonra İsrail və Hizbullah arasında münaqişənin kəskinləşməsinin yeni mərhələsi başlayıb. Hərəkat partlayışların təşkilinə görə məsuliyyəti İsrailin üzərinə qoyub, qarşı tərəf insidentlə bağlı birbaşa açıqlama verməyib, lakin şimal istiqamətində hərbi əməliyyatların intensivləşdiyini bəyan edib.

Sentyabrın 23-də isə İsrail Livanda "Hizbullah" qüvvələrinə qarşı "Şimalın oxları" əməliyyatına başlayıb və bu əməliyyat zamanı hərəkatın hərbi hədəflərinə kütləvi hava zərbələri endirir. Bildirilir ki, məqsəd yəhudi dövlətinin şimal sərhəd bölgələrində təhlükəsiz şərait yaratmaqdır ki, on minlərlə sakin oraya qayıda bilsin. Bu zərbələr nəticəsində entyabrın 27-də Beyrutda Hizbullahın baş katibi Həsən Nəsrullah öldürülüb. Təşkilat onun ölümünü təsdiqləyib və İsrailə qarşı mübarizəni davam etdirəcəyini vəd edib. 

 

Sadiq Cavadov