Dünya ölkələrinin baş verən iqlim dəyişikliyi fonunda atmosfer qatında karbon qazının azaldılması ilə bağlı tədbirlər keçirməsi zəruri hala çatıb. Müxtəlif ölkələr tərəfindən karbon emissiyasının atmosferə atılmasının qarşısının alınması ilə bağlı bəzi tədbirlər həyata keçirilir. Azərbaycan da bu istiqamətdə öz töhfəsini verməkdədir. Belə ki, artıq ölkəmiz, demək olar ki, “yaşıl enerji” zonasına çevrilib. Ölkə ərazisində su elektrik stansiyalarının istismara verilməsi ilə yüz minlərlə ton karbon emissiyasının atmosferə atılmasının qarşısı alınır. Son illər ölkəmizdə bu istiqamətdə reallaşdırılan böyük investisiyalı layihələr Azərbaycanın iqlim dəyişikliklərinə qarşı səmərəli mübarizə aparan dövlət olduğunu bir daha təsdiqləyir.

“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli İqtisadiyyat.az-a açıqlamasında karbon emissiyasının yaranma səbəblərindən danışıb.

Onun sözlərinə görə, karbon emissiyası adicə meşəyə ildırım düşməsi və yanğından, bataqlıqdan ayrılan qazdan, qoyun, inək və təbiətdə olan vəhşi heyvanların peynindən də yaranır: “Bu gün təbiətə neft-qazdan daha çox kömür zərər verir. Amma bunu kim edir və harada edir? Bu, Çin, Hindistan, Rusiya kimi böyük sənaye dövlətlərinə aiddir. Əsas karbon dioksidi (CO2) yaradan kömürdən ayrılan metan, karbon qazlarının səviyyəsinin artmasıdır. Bunlar hələ də mübahisəli məsələlərdir”.

Ekoloq karbon emissiyasının azalması üçün görlüməsi vacib olan tədbirlərdən də danışıb: “Azərbaycan yaşıl enerjiyə keçir, bunu təbliğ edir. Dünya isə bütövlükdə yaşıl enerjiyə keçə bilibmi? Yox. Eləcə də Azərbaycan özü də tam olaraq hələ ki yaşıl enerjiyə keçid edə bilməyib. Elektrik mühərrikli avtomobillərdən danışırıq. Düzdür, bu növ avtomobillər çevrəyə zəhərli qaz buraxmır, amma onların akkumulyatorlarının və ya digər hissələrinin istehsalı böyük sənaye müəssisələrində başa gəlmirmi? ABŞ, Hindistan, Çin, Rusiya, İngiltərə, Almaniya və Fransa kimi böyük sənaye dövlətləri ətraf mühitə xeyli zərər vurduqlarından onlar bu istiqamətdə daha çox tədbirlər görməlidirlər. Bizdə də müəyyən tədbirlərin görülməsi ilə mikromühit və mikroiqlim yarada bilərik. Ondan kənara biz heç yerə keçə bilmərik. Əsas odur ki, özümüzdə bu mədəniyyəti formalaşdıraq, meşə salınmasına çalışaq və yaşılllığı qoruyaq”.

Bir neçə gün əvvəl Bakıda keçirilən Mühasiblərin və Auditorların VIII Avrasiya Forumunda çıxışı zamanı Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədov deyib ki, Azərbaycanda karbon vergisinin tətbiq edilməsi nəzərdən keçirilir. Onun sözlərinə görə, karbon emissiyasının azaldılması məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla karbon vergisinin və ya analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi ətraf mühitin qorunması üçün dünya ölkələri tərəfindən tətbiq olunan yaşıl iqtisadiyyatla bağlı digər alətlərin tətbiqi diqqət mərkəzindədir. Karbon vergisinin verginin əsas məqsədi karbon emissiyalarını azaltmaq üçün şirkətləri və fərdi şəxsləri daha ekoloji təmiz alternativlərə yönləndirməkdir. Ümumiyyətlə, bu vergi modeli iqlim dəyişikliyi ilə mübarizə üçün effektiv vasitədir. Lakin tətbiqi diqqətlə planlaşdırılmalıdır ki, həm ekoloji, həm iqtisadi, həm də sosial təsirləri balanslaşdırılsın.

İqtisadçı-ekspert Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında karbon vergisinin tətbiq olunmasının inkişaf etmiş ölkələrdə geniş yayılmış praktika olduğunu söyləyib.

O, burada diqqət yetirilməli olan bir neçə amili sadalayıb: “Ətraf mühiti çirkləndirlənlər bunun xərcini daşımalıdırlar. Çünki ümumi ekoloji problemlərin həllinə büdcədən vəsait ayrılır.  Məsələn, mən universitetdə müəlliməm və avtomobilim də yoxdur, ətraf mühiti çirkləndirməklə, demək olar ki, heç bir əlaqəm yoxdur. Yəni daha çox piyada gəzintisinə üstünlük verirəm, bu baxımdan ətraf mühitin çirkləndirilməsinə birbaşa qatqım yoxdur. Amma büdcədən buna vəsait ayrıldıqda mən ətraf mühiti çirkləndirənlə eyni dərəcədə vergi ödəməli oluram. Bu, ədalətsiz yanaşmadır. Ona görə də ekoloji problemlərin həllinə yönəlmiş vəsaitin mənbəyini karbon vergisi hesabına təmin etmək ədalətlidir. Yəni kim ziyan vurursa, o da ödəsin”.

X.Kərimlinin sözlərinə görə, karbon vergisinin tətbiqi təbiətə zərər vuran zavod və fabriklərin öz xərclərini düzgün müəyyənləşdirmələrinə gətirib çıxaracaq: “Bu da məhsulların maya dəyərinə təsir göstərəcək. Bəzi fəaliyyətlər var ki, xarici müsbət effektləri var. Məsələn, səhiyyə və təhsil sistemini qeyd edə bilərik. Savadlı adam təkcə özünə yox, ətrafına da fayda verir. Amma bəzi fəaliyyətlər də var ki, neqativ effekt göstərir. Məsələn, ətrafı çirkləndirən fəaliyyətlər. Onlar özlərinə xeyir, ətrafa isə zərər vururlar. Buna görə də karbon vergisinin tətbiqi onların xərclərini artıracaq və məhsulun maya dəyərinin daha düzgün formalaşmasına gətirib çıxaracaq. Nəticədə həmin məhsulların qiyməti artacaq, vətəndaşların da tələbatı buna uyğun formalaşacaq. Məlumdur ki, bir şey ucuz olduqda, ona tələbat yüksək olur. Onu bahalaşdırmaqla həmin məhsula olan tələbat da tənzimlənəcək. Odur ki, kim bu siyahıya düşəcəksə, onların xərcləri artmış olacaq. Xərcləri artıqda, bu məhsulun maya dəyərini də artıracaq və onların rəqabət qabiliyyəti aşağı düşmüş olacaq. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə karbin vergisi geniş tətbiq edilir. Bu, əsaslandırılmış normal praktikadır. Problem ondan ibarətdir ki, bizdə güclü sənaye yoxdur. Onsuz da sənayemiz zəifdir. Belə olan halda karbon vergisin tətbiqi onların xərclərini daha da artıracaq”.

 

Sadiq Cavadov