Xəbər verdiyimiz kimi, Azərbaycanda məşhurlaşmış maliyyə şəbəkəsi olan "İnstpower" piramidasının fəaliyyətini dayandırdığı bildirilir. Nəticədə şirkətə pul yatırmış vətəndaşlar da külli miqdarda vəsait itiriblər.

İqtisadiyyat.az bu və bu kimi şirkətlərin “fəaliyyəti” ilə bağlı iqtisadçı Natiq Cəfərli ilə danışıb. Ekspert ilk olaraq qeyd edib ki, bu kimi şirkətlər insanlara yalan vədlər verərək, onları şirnikləndirirlər:

“Vətəndaşların pul qazanmaq istəyindən istifadə edərək, onları aldadaraq bu cür piramida şirkətləri pul toplayırlar. Bu şirkətlərin iş sxemi çox sadədir əslində. Böyük gəlirlər vəd edilir və bu zaman insanlar buna aldanırlar. İlk pul qoyanlar doğrudan da, gəlir götürürlər. Bu insanlar sanki pulsuz reklam agentinə çevrilirlər - öz yaxınlarına, çevrələrinə də belə bir qazanc imkanının olduğunu söyləyirlər. İlk iştirakçılar pul qazanırlar, sonradan artıq piramida işə düşür. Şirkət yığdığı pulu digərlərinə ödəniş şəklində verməyə başlayır. Kütləvilik artır və vəsait çoxalan kimi bu şirkətlər yoxa çıxırlar. Belə hadisələr Azərbaycanda dəfələrlə olub. 90-cı illərdə belə bir şirkət insanlara vəd edirdir ki, bizə 10 manat yatırım edin, sizə 20 manat qaytaracağıq".

 

Natiq Cəfərli deyir ki, bu kimi halların qarşısının alınması üçün əsas iki yol var:

"Birincisi, insanların arasında maarifləndirmə aparılmalıdır. Vətəndaşlar asan qazanca aldanmamalıdırlar. İnsan məntiqlə düşünməlidir, necə ola bilər ki, şirkət səndən min manat alır və hər ay 100 AZN qaytarır? Bu mümkün deyil, çünki belə qazanc gətirən sahə yoxdur.

İkincisici, dövlət də buna nəzarət etməlidir. Bu tip şirkətlərdən məlumat alan kimi, vergi orqanları ən azından onların dövriyyəsini, gəlirlərini və müqavilə şərtlərini yoxlamalıdırlar. İqtisadiyyat Nazirliyinin Vergilər Xidmətinin borcudur ki, bu şirkətləri yoxlasın. Bu ilk növbədə İqtisadiyyat Nazirliyinin, Vergi Xidmətinin nəzarət edə biləcəyi məsələdir.

Qanuna görə, hüquq-mühafizə orqanlarının da müdaxilə etmək imkanı var. Hər hansı bir şikayət daxil olduğu zaman yoxlamalar aparılmalıdır ki, şirkət ciddi bir gəliri olmadan vətəndaşlara pul ödəyir. Yəni bu məsələlərdə dövlət qurumlarının kifayət qədər səlahiyyətləri var. Sadəcə belə görünür ki, Azərbaycanda bu nəzarət mexanizmləri çox zəifdir. Ya da həmin şirkətlər kimlərləsə danışırlar, müxtəlif qurumlar səviyyəsində onlara yardımlar olur ki, onlar çox rahatlıqla bunu edə bilirlər".

Cavidan Mirzəzadə / İqtisadiyyat.az