"Hüquq" MTK icra məmurunun tələblərini yerinə yetirmədiyinə görə cəzalandırılacaq.

İqtisadiyyat.az xəbər verir ki, MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Anar İbadzadənin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Protokol tərtib olunan maddəyə əsasən, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, "Hüquq" MTK ölkədə çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur.

Sakinlərin narazılığına səbəb olan MTK-dan dəfələrlə müvafiq qurumlara şikayətlər olunub. Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən və "Hüquq" MTK-nın 20 il əvvəl inşa etdiyi yaşayış kompleksinin sakinləri də mətbuata açıqlamalarında haqsızlıqla üzləşdiklərini iddia ediblər. Sakinlər uzun illərdir mənzillərinə çıxarış ala bilmədiklərini, lift sarıdan əziyyət çəkdiklərini söyləyiblər.

MTK-nın adı bundan əvvəllər də məhkəmə qalmaqallarında hallandırılıb. MTK 2022-ci ildə binanın liftindəki nöqsanların aradan qaldırılması ilə bağlı FHN-in tələblərini yerinə yetirmədiyinə görə məhkəməyə verilib. "Hüquq" MTK ölkədə icra məmurunun tələblərinə əhəmiyyət verməyən MTK-lardandır.