“Həmin dərmandan yoxdur, amma əvəzləyicisi var...”

Bu cümlə demək olar ki, hər kəsə tanışdır. Resept vasitəsilə həkimin təyin etdiyi dərman preparatları o adda deyil, amma o tərkibdə müxtəlif adlarla satılır. İnsan sağlamlığı və hətta həyatı üçün olduqca dəqiqlik tələb edən bu proses nə qədər doğrudur? Məsələni ATU-nun Farmakologiya kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru İlqar Tahirovla  araşdırdıq:

“Hər bir dərman maddəsi müxtəlif tərkibdə, müxtəlif təzyiqdə, temperaturda, rütubətdə və s. hazırlana bilər. Eyni tərkibdə lakin, hazırlanma şəraitinə və fərqli təsirə malik dərman preparatı bu qəbildəndir.

İndi hər kəsi narahat edən məsələlərdən biri müxtəlif adda eyni təsirə malik çoxlu dərman formalarının olmasıdır. Dərmanlar iki formada adlana bilər.

    - dərmanın tərkibinə daxil olan dərmanıarın kimyəvi adlarının birlikdə  adlanmasına görə verilən ad;

    - dərman prepatatlarının satışı üçün (kommersiya məqsədi ilə) verilən ad.

Bu adların necə olmasından asılı olmayaraq həmin dərman preparatları eyni mexanizmlə, eyni effekt ilə və eyni müddətə təsir göstərməlidir.

Dərman preparatlarının əczaxanadan buraxılması bir mənalı həkimin yazdığı resept əsasında olmalıdır.

Əczaçı dərman preparatının adından fərqlisini təqdim etməməlidir. Amma, reseptdə yazılan dərman preparatı əczaxanada olmazsa, provizor əvəzedoci dərmanı xəstəyə təklif edə bilər.”