ABŞ-ın tanınmış investor milyarderlərindən sayılan Piter Til Federal Təhqiqatlar Bürosunu və Mərkəzi Kəşfiyyat İdarəsini “Google” şirkətinin Çin xüsusi xidmət orqanları tərəfindən ələ keçirilib-keçirmədiyini araşdırmağa çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, "Facebook" şirkətinin idarə heyətinin də üzvü olan alman əsilli iş adamı texnologiya nəhəngi ilə bağlı bir çox sulların peyda olduğunu deyib.

“Hər şeydən əvvəl sizin (Google”un-red.) süni intellekt üzrə Manhetten layihənizə neçə xarici ölkənin xüsusi xidmət strukturu daxil ola bilib. İkincisi, Çin nə dərəcədə sizin şirkətin fəaliyyətinə müdaxilə edir. Üçüncüsü, məhz bu səbəbə görəmi siz xaincəsinə qərar verərək ABŞ hərbçiləri ilə deyil, Çin Müdafiə Nazirliyi ilə işləmək qərarına gəlmisiniz”,-deyə Piter Til belə suallarla müraciət edib.

Qeyd olunduğu kimi “Google” şirkəti hələ keçən ildən Çində senzuralı axtarış sisteminin işlənib hazırlanmasında iştirak etdiyinə görə sərt tənqid olunur.

Bundan başqa, şirkət ABŞ Müdafiə Nazilriyi ilə bu il müddəti bitən müqaviləni uzatmamaq qərarına gəlib.

Pentaqon həmin sazişdən irəli gələrək süni intellektin köməyi ilə hərbi dronlar haqqında videogörüntülərin analizini və interpretasiyasını aparmaq niyyətində idi.

Qeyd edək ki, Piter Til ABŞ-a yüksək texnologiyalar və maliyyə sistemləri sahəsində iri sərmayədarlardan sayılır.

Almaniyanın Frankfurt-Mayn şəhərində anadan olan iş adamı Facebook-dakı perspektivi görərək, 2004-cü ildə 500 min dollar ödəyib və onun 10,2%-lik səhmlərinə sahib olub. 2012-ci ildə isə o, səhmlərnin böyük bir hissəsini 1 milyard dollara satnağı bacarıb. Piter Til həm də dünyada ən böyük onlayn ödəmə sistemi sayılan “PayPal”ın yaradıcısıdır.