İcbari tibbi sığorta sistemi 2021-ci ilin aprelin 1-dən bütün ölkə ərazisini əhatə edir. Bu sistemin məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etmək olsa da, bir çox hallarda vətəndaşlar tərəfindən narazılıqlara da rast gəlinir. Narazılıqlar daha çox göndəriş vərəqəsi ilə bağlı olur. Vətəndaşın müraciət etdiyi tibb müəssisəsində ona tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadıqda, həmin tibb müəssisəsi bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə (dövlət və ya müqaviləli tibb müəssisəsinə) göndəriş verir. Amma göndəriş olmadan tibbi xidmətin dəyərini pasiyent öz vəsaiti hesabına tam həcmdə ödəməyə məcbur olur. 

Bəs hansı halda göndəriş olmadan icbari sığortanın imkanlarından yararlanmaq mümkündür?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən İqtisadiyyat.az-ın sorğusuna verilən məlumata görə, vətəndaşlar yaşadığı və ya qeydiyyatda olduğu ərazidən asılı olmayaraq, ixtisaslaşdırılmış ambulator yardım üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutuna göndəriş vərəqəsi olmadan birbaşa müraciət edə bilir. 

“Bu tibb müəssisələrinə rayon/şəhər mərkəzi xəstəxanaları, müalicə-diaqnostika mərkəzləri, birləşmiş şəhər xəstəxanaları, birləşmiş uşaq xəstəxanaları, şəhər klinik xəstəxanaları, vərəm əleyhinə tibb müəssisələri, habelə Kliniki Tibbi Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu və s. tibb müəssisələri aiddir” - qurumdan bildirilib.

Məlumatda qeyd olunub ki, yalnız dövlət və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində stasionar şəraitdə göstərilən tibbi xidmətlər və invaziv radioloji xidmətlər üçün göndəriş vərəqəsi tələb olunur. Təcili və təxirəsalınmaz hal zamanı göndəriş vərəqəsi tələb olunmur.

Gülşən Şərif