'Facebook'un aylıq auditoriyası 2,27 milyarda çatıb.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə şirkətin üçüncü rüb üzrə maliyyə hesabatında bildirilir. Hesabata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artıb. Söhbət ay ərzində sosial şəbəkəyə ən azı 1 dəfə daxil olanlardan gedir. Bura 'Instagram', eyni zamanda 'Messenger' və 'WhatsApp' istifadəçiləri də daxildir.

Bu ilin sentyabrında 1,49 milyard nəfər gündə ən azı 1 dəfə olmaqla 'Facebook'dan istifadə edib. Bu isə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 9%-lik artım deməkdir.

'Facebook'un üçüncü rüb üzrə xalis mənfəəti isə 5,14 milyard dollar təşkil edib. Bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 9% artım deməkdir. Həmin vaxt şirkətin 4,71 milyard dollarlıq mənfəəti olub.

'Facebook'un üçüncü rüb üzrə gəlirləri isə 13,73 milyard dollar olub. Gəlirin əsas hissəsi reklam hesabına əldə edilib. Ötən ilin müvafiq dövründə isə şirkətin gəlirləri 10,33 milyard dollar təşkil edib.