İndi heç bir evi internetsiz təsəvvür etmək olmur. Demək olar ki, böyük əksəriyyətin evində "Wi-Fi" aparatı var. Lakin internetə çıxışımızın təmin olunması bir ciddi problemi diqqətimizdən qaçırır. Söhbət həm smartfonlar, həm noutbuklar, planşetlər, həm də Wi-Fi” aparatlarının yaydığı şüadan gedir. Bu şüalar insan orqanizminə nə qədər təhlükə yaradır? 

Mövzu ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandıran İT mütəxəssisi Fərid Əmirov dünyada fikirlərin bölündüyünü dilə gətirib: “Kanada alimlərinin rəyinə əsasən radio dalğaların tezliyinin insan orqanizminə təsir etmək gücü yox dərəcəsindədir. Amma bunun əksinə olaraq, bəzi ABŞ universitetlərində araşdırmaçılar deyir ki, bu cür şüalanma insanda müəyyən xroniki yorğunluq, əsəb pozğunluğu, müəyyən stress və bu kimi hallara yol açır”.

Professor Adil Qeybulla da şüaların təhlükəsindən söz açıb: “Yüksək tezlikli şüalar orqanizmdə hüceyrələrin bioritmini poza bilir. Lakin ən təhlükəlisi ionlaşdırıcı şüalardır ki, bunlar radioaktiv şüalardır. Alfa, Beta, Qamma şüalardır”.

Nevroloq Könül İsmayılovanın fikrincə, bu mövzuda hər kəsdən öncə azyaşlıları düşünməliyik: “Şüa buraxan cihazlar körpə uşaqlara çox yaxın yerləşmiş olarsa, bu, davamlı olaraq bir elektromaqnit şüalanması deməkdir. Ki, bu da yuxu pozğunluqları, əsəbilik, diqqət əskikliyi kimi problemlərin yaranmasına gətirib çıxarır”.

K.İsmayılova insanların adətən etdiyi bir səhvi də diqqətə çatdırıb: “Çox vaxt insanlar rahatlıqları naminə və internet sürətli olsun deyə modemləri yataq otaqlarında yerləşdirir ki, yatmazdan əvvəl rahat film izləyə bilsinlər. Amma mütləq tövsiyə olunur ki, “Wi-Fi” aparatları yataq otaqlarından mümkün qədər uzaqda yerləşdirilsin. Həm modemin şüası, həm planşet, noudbuk və smartfonların işıqları sağlamlığa mənfi təsir. Xüsusilə yuxu rejimini pozan əsas səbəblərdən hesab olunur”.

Nevroloq onu da əlavə edib ki, mobil telefonun buraxdığı şüa daha təhlükəlidir: “Mobul telefonların yaydığı şüa dalğası daha təhlükəlidir, nəinki “Wi-Fi” modemi. Müqayisə aparsaq, bir mobil telefon iki modem və bir neçə noudbuk şüasına bərabərdir”.

Mütəxəssislər bütün növ elektron cihazları istifadə edilmədiyi müddətcə özünüzdən kənarda saxlamağı, modemləri isə gecələr söndürməyi tövsiyyə edir.