İsveçin telekommunikasiya konserni “Ericsson” Amerikanın bulud xidmətləri şirkəti “Vonage Communication Platform”u (VCP) alır. 

Şirkətin razılaşmasının dəyəri 6,2 milyard dollardır. Müqavilənin məqsədi açıq innovasiyalar üçün qlobal şəbəkə və kommunikasiya platforması yaratmaqdır.

“Strategiyamızın mahiyyəti texnoloji liderliyə əsaslanan aparıcı mobil şəbəkələrin qurulmasıdır. Bu, bizim korporativ bazarda iştirakımızı artırmaq üçün şərait yaradır. Vonage-in alınması bu strateji prioritetin həyata keçirilməsində növbəti addımdır”, – Ericsson-un baş direktoru Börje Ekholm bildirib.  

“Vonage” 120 mindən çox müştəriyə xidmət göstərir və bütün dünyada bir milyondan çox qeydiyyatdan keçmiş tərtibatçıya malikdir.

Planlaşdırılan sövdələşmə Vonage səhmdarları və maliyyə orqanları tərəfindən təsdiqlənməlidir və 2022-ci ilin birinci yarısında tamamlanacağı gözlənilir.