Bu ilin əvvəlinə olan məlumata görə dünyada 4 milyard 574 milyon 150 mindən çox insan internetə çıxış imkanına sahibdir.
Yeniavaz.com İnternetdən İstifadə üzrə Beynəlxalq Statistika Təşkilatının (İnternet WorldStats - İWS) açıqladığı sonuncu hesabata istinadən bildirir ki, internetə çıxış imkanı olanların sayı dünya əhalisinin 58,7%-ni təşkil edir. Dünyada 3 milyard 222 milyon 465 min nəfərin isə internetə çıxış imkanları yoxdur.
Əhalinin internetə çıxış imkanlarına görə ən yaxşı vəziyyət Şimali Amerika və Avropa ölkələrində müşahidə olunub.
341 min əhalisi olan İslandiyada vətəndaşların 99%-nin internetə çıxış imkanları var və bu göstəriciyə görə İslandiya dünyada birinci sırada qərarlaşıb.
Əhalinin internetə çıxış imkanlarına görə ən pis vəziyyət isə 25,7 milyondan çox əhalisi olan Şimali Koreyada qeydə alınıb. Şimali Koreya dünyada internetdən ən az istifadə edən ölkədir. Bu ölkədə təxmini hesablamalara görə 20 min insanın internetə çıxış imkanı var ki, bu da əhalinin 0,08%-dən də azdır.
Məlumat üçün qeyd edək ki, İnternetdən İstifadə üzrə Beynəlxalq Statistika Təşkilatının hesabatında Azərbaycanda ümumi əhalinin 78,8%-i və ya 7 milyon 991 min nəfərinin internetə çıxış imkanlarının olduğu qeyd olunub.