Son günlər dünyada kakao paxlasının qiyməti kəskin artıb. ICE Futures birjasının məlumatına əsasən, bu məhsulun qiyməti yeni rekorda imza ataraq bir ton üçün 8900 dolları ötüb. Kakao böhranı səbəbindən şokoladın qiymətlərinin də artacağı istisna edilmir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, dünya bazarında kakaonun qiymətinin qalxması Azərbaycanda istehsal olunan və ölkəyə gətirilən məhsullarda adekvat olaraq öz əksini tapacaq. Onun sözlərinə görə, dünya bazarında qalxan qiymətə Azərbaycan bazarı çox tezliklə reaksiya verir.


Sədr söyləyib ki, dünya maliyyə böhranında bütün malların, xidmətlərin qiymətinin aşağı düşdüyü zaman Azərbaycanda qiymətlər enməyib: “Biz ümumdünya maliyyə böhranında da gördük ki, dünya bazarında malın qiyməti qalxanda Azərbaycan bazarı ona bir gün öncə reaksiya verir. Lakin dünya böhranı zamanı bütün malların, xidmətlərin qiyməti aşağı düşdü, Azərbaycanda isə bu baş vermədi. Bu o deməkdir ki, əslində Azərbaycan bazarı müəyyən inhisarçıların, kartel sözləşmələrinin əsiridir”. 

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, dünyada kakaonun qiymətinin artımı karamel və şokolad, eləcə də digər şirniyyat məhsullarının qiymətinin artımına təsir göstərəcək.

Onun sözlərinə görə, həmçinin kakaodan istifadə olunan tortlar, pirojnaların da qiymətlərində mümkün artım qaçılmaz olacaq: “Bu bahalaşma həm yerli istehsal olunan qənnadı məhsullarında, həm də ölkəmizə idxal edilən şirniyyatlarda özünü göstərə bilər. Bizim bu məhsulla bağlı daxili istehsalımız olmasına baxmayaraq, xarici ölkələrdən də idxal edirik. Nəticədə bu, ölkəmizdə satılan şokoladların qiymətində müəyyən artıma səbəb olacaq”.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycana kakao idxalı 13,8 milyon dollar dəyərində olub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hesabat dövründə ölkənin kakao idxalına çəkdiyi xərc ötən ilin yanvar ayı ilə müqayisədə 5,2 milyon dollar çoxdur. Hesabat dövründə Azərbaycandan 465,2 min dollarlıq kakao ixrac edilib.

 

Sadiq Cavadov