"Körpü Bina Tikinti" şirkətinə malların və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması ilə bağlı qanunvericiliyin tələblərini pozduğu üçün cərimə yazılıb.

İqtisadiyyat.az xəbər verir ki, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə işi hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.

Şirkət barəsində protokol tərtib olunan maddədə deyilir ki, bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, "Körpü Bina Tikinti" 1997-ci ildən Azərbaycanda avtomobil yollarının, körpülərin, yol ötürücülərinin, binaların tikintisi ilə məşğul olan şirkətdir. Şirkətin Xəlil Göyüşov adlı iş adamına məxsus olduğu barədə mətbuatda məlumatlar yayılıb.