Zəlzələ və digər təbii fəlakətlər bəzən çox ciddi dağıntılarla müşahidə olunur. Bu zaman insan itkisi qaçılmaz olur. Lakin dünya tarixi yaralıların dağıntı altından sağ çıxarılması faktları ilə zəngindir. 2 gün əvvəl Türkiyədə baş vermiş dəhşətli zəlzələ yenidən bu mənzərəni gözlər önünə sərdi. Minlərlə insan həyatını itirərkən, minlərlə insan da yaralı halda dağıntılar altından sağ çıxarılmaqdadır. Türkiyə prezidenti R.T.Ərdoğan dünənki açıqlamasında təxminən 8 min civarında insanın binaların qalıqları altından sağ çıxarıldığını bildirib. Bəs insan dağıntı altında nə qədər müddət sağ qala bilər?

 

 

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev İqtisadiyyat.az-a açıqlamasında qeyd edib ki hər şey insanın aldığı xəsarətdən asılıdır: “Əgər dağıntılar altında qalmış insan ağır xəsarət almayıbsa, doğru davranış sərgiləyərək müəyyən müddət sağ qala bilər. Burada insanın fiziki göstəriciləri ilə yanaşı, xəsarət alıb almaması əsas rol oynayır. Ümumiyyətlə isə ilk 72 saat çox önəmlidir. Burada hava şəraiti də ciddi faktordur. 72 saat bütün şərtlərin normal olması halında keçərlidir. Əks halda bu müddət az da ola bilər. 72 saatdan sonra isə hər gələn dəqiqə insanın sağ qalma şansını azaldır. Təbii ki, tərcübədə 8-10 gün dağıntılar altında sağ qala bilənlər olub”. 

Kiçik bir araşdırma apararaq ekspertin qeyd etdiyi uzunmüddətli sağ qala bilənləri üzə çıxartdıq. Ən populyar faktlardan biri 2010-cu ildə Haitidə baş vermiş dəhşətli zəlzələdə 14 gün sonra dağıntılar altından sağ tapılan Rico Dibrivellə bağlıdır. O, tapılarkən sadəcə ayaqlarından birinin sınması xəsarəti ilə xəstəxanaya aparılmışdı. 

 

 

Digər məşhur fakt Türkiyə ilə bağlıdır. 3 il əvvəl İzmirdəki zəlzələdə dağıntılar altından nə az, nə çox, tam 65 saat sonra sağ çıxarılan 3 yaşlı Elif Perinçek dünyanı şoka salmışdı. Onun xilasedicinin barmağından tutması anı yaddaşlara həkk olunmuşdu. 

 

 

2013-cü ildə Banqladeşdə bir fabrikin uçması nəticəsində yüzlərlə insan həyatını itirib. Xilasedicilərin uzun axtarışları nəticə verib. Reşma Bequm adlı qadın tam 17 gün sonra dağıntılar altından sağ çıxarılıb. Qəza baş verərkən əlində 4 paket biskvit olan qadın bu müddət ərzində məhz biskvitləri yeməklə sağ qaldığını bildirmişdi. Suyu isə xilasedicilərin dəliklərdən atdığı su şüşələri vasitəsi ilə əldə edirmiş. 

 

Digər şokasalan göstərici yenə Haitili şəxsə məxsusdur. 13 il əvvəl 150 mindən çox insanın həyatını itirdiyi zəlzələdə itkin düşən Evans Monsigrace 27 gün sonra sağ tapılıb. Həkimlər onun suya çıxışı olmadan bu qədər müddət sağ qalmasına bir izah tapa bilməyib.