“Reuters” agentliyinin Paris bürosu məlumat verir ki, hesablamalara əsasən, Çin firmalarından telekommunikasiya avadanlıqlarının alınmasına qoyulan qadağa yeni “5G” şəbəkəsi quraşdıran Avropa ölkələri üçün 55 milyon avro (62 milyon dollar) baha başa gələrək layihənin fəaliyyətə başlama müddətini 18 ay ləngidəcək.

May ayında ABŞ hökumətinin “Huawei” telekommunikasiya şirkətinə qarşı çıxardığı qadağa qərarları bir sıra böyük şirkətlərin Çin firması ilə əlaqələri dayandırmasına gətirib çıxarıb və Avropa ölkələrinə də analoji addımı atmaq üçün təzyiq edir.

Şirkət tərəfindən dəfələrlə təkzib edilsə də, rəsmi Vaşinqton iddia edir ki, “Huawei” şirkətinin texnologiyaları Pekin tərəfindən cəsusluq məqsədləri ilə istifadə edilə bilər.

ABŞ prezidenti Donald Tramp Adminstrasiyasının çıxardığı qadağa qərarı dünya ölkələrinin yeni nəsil mobil texnologiyaya, daha doğrusu, “5G” şəbəkəsini işə salmağa hazırlaşdığı vaxta təsadüf edib. Yeni texnologiya şəbəkə və avadanlıqların inşasına külli miqdarda yatırım tələb edir ki, bu da öz növbəsində ultrasürətli “5G” mobil internet vədi verir.

Araşdırmalar 750 mobil operatoru əhatə edərək “GSMA” adlı lobbi telekommunikasiya təşkilatı tərəfindən aparılıb. “GSMA” təşkilatı, həmçinin məhsulları Avropada geniş şəkildə istehlak və istifadə edilən “Huawei” şirkətinə qarşı qoyulan qadağadan da dolayı narahatlığını ifadə edib. Digər mənbələrin məlumatına görə isə “Huawei” bu lobbi təşkilatın əsas dəstəkçilərindəndir.

Bildirilir ki, 55 milyon avro qiymətləndirməsi Avropada “5G” şəbəkəsinin quraşdırılması əsnasında, “Huawei” və digər Çin şirkəti ZTE məhsullarına tam qadağa qoyulduğu halda, tələb olunan ümumi xərclərə əsasən müəyyən edilib. Qeyd edək ki, bu iki Çin şirkəti Avropa İttifaqı ölkələri bazarında 40 faizdən çox müştərək bazar payına sahibdir.

Hesabatda daha sonra bildirilir: “İsraf məbləğinin yarısı (əlavə xərclər) mobil təminat bazarı rəqabətində nəzərəçarpacaq qədər uducazaq Avropa provayderlərinə resursların əldə olunması üçün istifadə olunacaq”.

Sözügedən hesabatda əlavə olaraq vurğulanan “Mobil operatorlar yeni şəbəkə işə düşməzdən öncə “5G” tənzimləmələri üçün mövcud infrastrukturu dəyişməlidirlər” fikrinə isə çox keçmədən Finlandiya telekommunikasiya istehsalçısı “Nokia”dan təkzib cavabı gəlib.

“Biz texniki həll təklif edirik, hansında ki, “5G” avadanlıqlarımızı başqa “4G” istehsalçısı üzərindən yeniləyə bilərik. Bu, xərcləri bir qədər azaldaraq diler dəyişikliyini də asanlaşdıra bilər”, - deyə Erik Manqan bildirib.

Nokia rəsmiləri onu da qeyd ediblər ki, artıq onlar “5G” şəbəkə sifarişi sayına görə “Huawei”i geridə qoyub və Çin istehsalçısının bazardakı gələcək taleyini müzakirə edən Avropa ölkələri “Nokia”nın təklif etdiyi “5G” texnologiyasında maraqlıdır.

Hesabata görə, qadağalar avtomatik idarəetməli avtomobillərdən tutmuş, səhiyyə və logistika kimi müxtəlif sahələri əhatə edəcək “5G” texnologiyasının işə düşməsini 18 ay müddətinə yubada bilər: “Bu qədər müddət yubanma “5G” texnologiyasının işlənməsi üzrə Avropa ölkələri ilə ABŞ arasıdakı fərqi 2025-ci ilədək 15 faizdən çox artıracaq”.

Bu gecikmə halları həm də digər böyük texnologiya istehsalçıları olan “Ericsson”, “Nokia”, “Samsung”un bazar tələbinin kəskin artması fonunda təminatda yaşaya biləcəkləri çətinliklər səbəbindən yarana bilər. Həmçinin mobil operatorların bir texniki avadanlıqlar paketindən digərinə keçmə zərurəti yaranan zaman da bu kimi gecikmələr yaşana bilər.