Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları yekunlaşdı. İclaslarda müzakirələrdən sonra bu dəhliz vasitəsilə qaz ixracının həcmi hansı səviyyədə olacaq? 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışında xüsusilə diqqət çəkən məqam bu idi ki, “təbii qaz ixracı artır - 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. Biz bu il onun 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Biz nəinki hasilatı, o cümlədən ixracı artırırıq və həmçinin onun coğrafiyasını genişləndiririk. Əminəm ki, layihəyə qoşulmuş ölkələr bu gün bunun faydasını artıq görürlər və görəcəklər. Həmçinin digər bağlantılar və potensial interkonnektorlar vasitəsilə biz Avropada daha çox ölkələri bu layihəyə qoşa biləcəyik. Təbii qaz resurslarına gəldikdə, mən artıq dəfələrlə bildirmişəm ki, təbii qaz ehtiyatları bizə və tərəfdaşlarımıza ən azı 100 il üçün bəs edəcək”.

Yeri gəlmişkən, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu da Əsas mövzusu qaz ixracının şaxələndirilməsi olan Cənub Qaz Dəhlizinin məşvərət Şurasınının iclasında müzakirələrə təkan verən məsələlərdən idi. Cənub Qaz Dəhlizi iki ildən bir az çox müddətdir ki istifadəyə verilməsinə baxmayaraq, TANAP-ın ötürücülük gücünün 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçirilir  və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında müzakirələr aparılıb. 

Azərbaycanın Milli Məcıisinin deputatı Vüqar Bayramov deyir ki, “Avropada yalnız Cənubi Avropa deyil, Mərkəzi, Şərqi Avropa ölkələri bu layihədən istifadə edirlər və bu enerji təhlükəsizliyini formalaşdıra bilirlər. Artıq Mərkəzi və Şərqi Avropadan Bolqarıstan, Rumıniya Azərbaycan qazını alır. Macarıstanla belə bir anlaşma var. Daha 3 ölkə Azərbaycan qazını almaq niyyətindədir - Serbiya, Moldova, Şimal Makedoniya. Azərbaycan Avropa İttifaqına qaz nəqlini ötən il 39 faiz artırıb,12 milyard kubmetrə yaxın qaz ixrac edib. Ümumiyyətlə, son iki ildə Azərbaycanın Avropaya qaz ixracatı 20 milyard kubmetrə yaxın olub”.

Avropa ölkələrinin dövlət başçıları hansı mövqedədir?
Cənub Qaz Dəhlizinin məşvərət Şurasındə Rumıniya dövlətinin başçısı Klaus Yohannis xüsusilə vurğuladı ki, “2022-ci ildə biz görünməmiş enerji çağırışları ilə üzləşdik. Qazın çatışmaması və ya münasib əlçatan qaz təchizatının olmaması, qiymətlərin dəyişkənliyi və bazarda qeyri-sabitlik baş verdi. Bu çağırışlar kompleks siyasəti və tənzimləyici qaydaları tələb edir. Azərbaycan ən çətin anda çoxdan tələb olunan sabitlik və proqnozlaşdırmanı təmin etdi”.

İqtisadçı ekspert Elşad Məmmədov fikrini belə izah edir:

“Azərbaycandan qaz idxalı ilə bağlı Avropa ölkələrinin ölkəmizə müraciəti heç də təsadüfi deyil. Belə olan halda şübhəsiz ki, elə də şox olmayan alternativlər arasında Azərbaycanla qaz tədarükü ilə bağlı danııqların aparılması Avropanın əksər dövlətləri üçün xarici  iqtisadi-siayasi möqteyi nəzərindən prioritetə çevrilməkdədir. Artan qaz hasilatı hesabına biz ixracatımzı artıra bilərik. Düşünürəm ki, Azərbaycanən qaz ixracı yaxın aylarda və illərədə artacaq”. 

Xatırlatma üçün deyək ki, "Cənub Qaz Dəhlizi"nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.Enerji sahəsində strateji tərəfdaşlığa dair ötən il imzalanan Anlaşma Memorandumu sayəsində inkişaf edən Cənub Qaz Dəhlizi boru kəməri ilə Avropa İttifaqına qaz təchizatı 2021-ci ildə 8,1 milyard kubmetrdən 2022-ci ildə 11,4 milyard kubmetrə çatıb.

Samir Cabbarov