Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması müstəqil Azərbaycanın tarixində növbəti əlamətdar hadisədir. Bu uğurun qazanılmasında əsas səbəb ölkə rəhbərliyi tərəfindən son dövrlərdə bütün sahələr üzrə reallaşdırılan geniş islahatlardır. Xatırladaq ki, həmin islahatlar dövrün tələblərinə uyğun şəkildə, texnologiyaların inkişafı nəzərə alınmaqla gerçəkləşdirilir.

Dövlətimizin başçısının da vurğuladığı kimi, hazırda dünyanın sürətli inkişafı müasir texnologiyaların imkanlarından, səmərəli istifadəsindən asılıdır. Bu texnologiyaları tətbiq edən ölkələr daim uğur qazanırlar. Azərbaycan da zamanın tələblərinə uyğunlaşaraq dördüncü sənaye inqilabına doğru qətiyyətli addımlar atır. Cari ilin yanvarında Davos İqtisadi Forumunun iclası çərçivəsində Azərbaycan hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməlinin qoyulması da bunun bariz ifadəsidir.

İqtisadçı ekspert Vüqar Bayramov bununla bağlı söhbətində dedi:

– Bakının Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması Azərbaycanın innovativ sənayedə apardığı islahatlara verilən beynəlxalq qiymətdir. Belə ki, sənayedə reallaşdırılan islahatlar ənənəvi sektorlarla yanaşı, innovativ sektorun inkişafını da stimullaşdırır. Kosmik sənayenin inkişaf etdirilməsi Azərbaycanın kosmik ölkəyə çevrilməsi kontekstindən xüsusi qiymətləndirilməlidir: “Nəzərə alsaq ki, innovativ sahə olaraq kosmik sənayenin inkişafı həm bu istiqamətdə daha çox gəlirin əldə edilməsi, həm də Azərbaycanın innovativ potensialının təqdim olunması baxımından vacibdir. Bu, Azərbaycanın qeyri-neft sektorunda gəlirlərinə birbaşa təsir göstərən amillərdəndir. Xüsusən də, bu istiqamətdən daxilolmalar büdcə üçün çox əhəmiyyətlidir. Qeyri-neft sektorunun inkişafı hər bir sektorun ayrıca dəstəklənməsindən ibarətdir ki, bu kontekstdən də kosmik sənayenin inkişafı həm də dövlət gəlirlərinin artırılması baxımından vacibdir”.

Vüqar Bayramov daha sonra bildirdi ki, Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ölkəmizin innovativ sənayedə apardığı islahatlara verilən beynəlxalq qiymətdir. Azərbaycan yeni kosmik ölkədir. Lakin buna baxmayaraq, hazırda 3 peykimiz var. Bu da çox qısa zamanda respublikamızın kosmik ölkələr arasında xüsusi mövqeyə malik olmasından xəbər verir