İyunun 12-də Bakıda, Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) informasiya texnologiyaları konfransı və sərgisi keçirilir.

İqtisadiyyat.Az azərtac-a istinadən xəbər verir ki, konfransın açılış mərasimində Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubunu oxudu.

Novruz Məmmədov ölkədə informasiya texnologiyalarının inkişafı istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, dövlətimizin başçısı bütün sahələr kimi bu sahəyə də böyük diqqət ayırır və Azərbaycanda bununla bağlı kifayət qədər işlər görülür. Dövlət Gömrük Komitəsi də informasiya texnologiyalarının inkişafına öz töhfəsini verən qurumlardandır.

Baş Nazir qeyd etdi ki, Ümumdünya Gömrük Təşkilatının bu konfransının Bakıda keçirilməsi də informasiya texnologiyaları sahəsində Azərbaycanın uğurla irəlilədiyinin bariz nümunəsidir.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tədbirin vacibliyini diqqətə çatdıraraq vurğuladı ki, elektron xidmətlər sırasında elektron gömrük Azərbaycanda ön sıralardadır. Bu istiqamətdə ciddi islahatlar aparılıb, şəffaflığın təmin edilməsi baxımından vacib işlər görülüb. Sahibkar-məmur münasibətlərinin minimuma endirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi baxımından da Gömrük Komitəsi mühüm nailiyyətlər əldə edib.

S.Mehdiyevin sözlərinə görə, Ümumdünya Gömrük Təşkilatının informasiya texnologiyaları konfransı və sərgisi bu təşkilata üzv dövlətlərin gömrük xidmətlərinin informasiya texnologiyaları barədə fikir mübadiləsi aparması, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və gömrük xidmətlərinin təcrübələrinin bölüşməsi baxımından əhəmiyyət kəsb edir.

ÜGT-nin informasiya texnologiyaları konfransı və sərgisi iyunun 14-dək davam edəcək.