Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığının çevrilməsi nəticəsində xəsarət alanlar müalicə olunduqları Kliniki Tibbi Mərkəzdən (KTM) evə buraxılıb.

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq onların yerləşdirildiyi Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında Xəzər dənizində baş verən hadisə nəticəsində xəsarət almış hər üç qadın ambulator müalicə üçün evə buraxılıb.

***

14.12

Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığının çevrilməsi nəticəsində xəsarət alanların son durumu açıqlanıb.

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq onların yerləşdirildiyi Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

"Bu gün səhər saatlarında Xəzər dənizində baş verən hadisə nəticəsində xəsarət almış şəxslər (3 nəfər qadın olmaqla) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Mərkəzdə onlara zəruri tibbi xidmət göstərilib. Hazırda vəziyyətləri stabildir. Gün ərzində ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub", - o əlavə edib.

***

13.04

Bulvarda tur gəmisindən xilas edilənlərdən üçü xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11:16 radələrində "Dəniz Mall"ın yaxınlığında qayıq aşması ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

"Dərhal hadisə yerinə 2 təcili tibbi yardım briqadası göndərilib. Hadisə nəticəsində 4 nəfər (cinsi qadın) zərər çəkib. 1 nəfərə yerində ilk tibbi yardım olunub. 3 nəfər isə hipotermiya diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib", - məlumatda vurğulanıb.

Qeyd edək ki, bu gün Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığı çevrilib. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən, gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində 3-ü ekipaj üzvü, 3-ü sərnişin olmaqla 6 vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub. FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər.

Sadiq Cavadov