Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığının çevrilməsi və gəmidəki şəxslərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən İqtisadiyyat.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən, gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində 3-ü ekipaj üzvü, 3-ü sərnişin olmaqla 6 vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub.

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər.

***

12.10

Bakıda bulvar ərazisində gəzinti qayığının batması ilə bağlı daxil olan məlumat üzrə DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilasetmə tədbirlərinə cəlb ediliblər. 

Bu barədə İqtisadiyyat.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, polis əməkdaşları batma təhlükəsinə məruz qalan şəxsləri müvafiq dövlət qurumunun əməkdaşları ilə birgə xilas ediblər.

**11.47

Xəzər dənizində gəzinti qayığı batıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Bakı sahilində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakıda gəzinti qayığının batması ilə bağlı 112 qaynar xəttinə məlumat daxil olub.

Qeyd edilib ki, dərhal nazirliyin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub və batma təhlükəsində olan vətəndaşlar xilas edilib.

Sadiq Cavadov