Dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da ödənişli yollardan istifadə olunması praktikasının tətbiqinə başlanılır. Layihənin ilk tətbiqi kimi Bakı-Quba-Rusiya avtomobil yolu seçilib. Yeni inşa edilən 150 km-lik magistralda yolboyu 55 yol ötürücüsü və körpü, 44 yolatı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü borular inşa edilib. Yeni layihənin icrası nəticəsində müvafiq marşrut üzrə məsafə 13 km azalıb. Layihə üzrə magistralın üzərində 6 ödəmə məntəqələri və nəqliyyat vasitələrinin dayanması üçün dayanacaq meydançaları tikilməkdədir. 

Mövzu ilə bağlı iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, ödənişli yolların tətbiqindən əldə olunan gəlirin həm əhalinin, həm də biznes mühitinin inkişafı üçün əlçatan olması effektiv nəticə verə bilər.

Onun sözlərinə görə, bu məsələdə xüsusən də regionların inkişafı prioritet təşkil etməlidir:

“Ağır yük daşıyan nəqliyyat vasitələri üçün ödənişli yolların tətbiqi konstruktiv və müsbət hal kimi dəyərləndirilə bilər. Həmin nəqliyyat vasitələrinin fəaliyyəti nəticəsində yol infrastrukturuna dəyən zərərin ödənməsi məqsədəuyğundur. Böyük mənfəətlər əldə edən iri sahibkarlar yol üçün ödəniş etməlidirlər”.

Sıravi vətəndaşların da ödənişli yollardan istifadəsinə gəlincə, Elşad Məmmədov hesab edir ki, bu addım qiymət artımına və işgüzar fəallığın azalmasına səbəb ola bilər. Ona görə də gündəlik həyat şəraitində istifadə olunan yolların ödənişli olması doğru addım olmaz.

Qeyd edək ki, Tarif (Qiymət) Şurası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müraciəti əsasında Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi üçün tarifləri müəyyən edib. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib. Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).



Gülşən Şərif