11-40 yaşlı əhali arasında qızılcaya qarşı vaksinasiya tədbirlərinin aparılması üçün işlər görülür.

Bu barədə İqtisadiyyat.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda xatırlanıb ki, Səhiyyə Nazirliyi tərəfindən əhalinin sağlamlığının qorunması və yoluxmaların qarşısının alınması məqsədilə vaxtında qızılcaya qarşı vaksinasiyadan kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatları ölkəyə idxal edilib.

Qeyd edilib ki, hazırda immunizasiya tədbirlərinin təşkili üzrə işlər görülür:

"TƏBİB-in tabeliyindəki tibb müəssisələrində immunizasiya tədbirlərinin aparılması üçün hazırda müvafiq təlimatın hazırlanması həyata keçirilir. Eyni zamanda idxal olunan peyvəndlərin təhvil-təslimi yekunlaşdıqdan sonra tibb müəssisələrində qeyd olunan əhali kateqoriyasından olan şəxslərin qızılcaya qarşı peyvəndlənmə prosesinə başlanılacaq.Peyvəndlənmə prosesinin aparılma qaydaları və prosesin təşkil olunacağı ambulator-poliklinik xidmət göstərən tibb müəssisələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.11-40 yaşlı əhali qruplarının yoluxmadan müdafiəsi üçün 1 dəfə peyvənd olunması kifayət edir və peyvəndləmə prosesi könüllülük əsasında aparılacaq".

Xatırladaq ki, Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və yoluxmaların qarşısının alınması məqsədilə, vaxtında qızılcaya qarşı vaksinasiyadan kənarda qalan 11-40 yaşlı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatlarını Azərbaycana gətirib.