Azərbaycanda hüquqi əsaslar olmadığı halda Aqrar Sığorta Fondu dövlət orqanı olan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyini aqrar sığorta hadisələri çərçivəsində “faydalanan şəxs” qismində tanımaqla “sığorta ödənişi” adı altında büdcə səviyyəsinin kodu 7 olan müvafiq xəzinə hesabına 676,7 min manat vəsaitin köçürülməsinə yol verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülletenində bildirilir.

Sənədə əsasən, bu da 50 %-i dövlət büdcəsindən maliyyələşdirilən sığorta haqlarından əldə olunan maliyyə resurslarının istifadə təyinatının pozulması deməkdir.

Həmin vəsaitin köçürülməsi əməliyyatları çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyi müvafiq maliyyə (mühasibat) uçotu registrlərində debitor və (və ya) kreditor şəxs kimi tanınmayıb (tanınması üçün hüquqi (rəsmi) əsasın olmadığı səbəbindən haqlı olaraq köçürmələr maliyyə (mühasibat) uçotu registrlərində “aqrar sığortalı” şəxslərin adı altında əks etdirilib.

Bundan əlavə, sənədə əsasən, 2020-2022-ci illərdə hər-hansı qarşılıqlı razılaşma olmadan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi tərəvəz bitkiləri üzrə 327 sort, bostan bitkiləri üzrə 31 sort nümunəsini dövlət sınağının həyata keçirilməsi üçün Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna göndərib və dövlət sınağının aparılması üçün mandatı olmayan həmin qurum 296 sortun dövlət sınağını qeyri-real müddətdə və təkrarlar olmadan aparıldığını rəsmiləşdirib ki, bu da dövlət sınağının aparılması işlərinə formal yanaşıldığını və etibarlı nəticələrin əldə edilmədiyini demək üçün müəyyən əsaslar yaradıb.