2021-ci ilin noyabr ayı ərzində 58 şəhər və rayonun əhalisinə 1 milyondan çox tibbi xidmət göstərilib.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat verib.

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin noyabr ayı ərzində 58 şəhər və rayonda 379 039 vətəndaşa 1 402 945 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 611 814 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 221 696-sı ambulator, 181 249-u isə stasionar şəraitdə göstərilib.

Cari ilin noyabr ayı üzrə sözügedən regionlara dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik:

            Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir (468) və Gəncə şəhərləri (225), Yevlax (198),  Beyləqan (197), Göyçay (160), Balakən (159), Ağdaş (154), Göygöl (154), Qəbələ (149) və Xaçmaz rayonları (148).

          Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Şəhər Birləşmiş Xəstəxanası (144 793), Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (131 280), Xaçmaz (66 975), Yevlax (61 334), Quba (60 070), Ağdaş (43 824), Göyçay (43 568), Şəki (41 192), Zaqatala (40 241) və  Bərdə (37 843) rayon mərkəzi xəstəxanaları.

            Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Yevlax, Xaçmaz, Quba, Göyçay, Zaqatala, Beyləqan, Şəki və Bərdə rayon mərkəzi xəstəxanaları.

            Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Ağdaş və Quba rayon mərkəzi xəstəxanaları, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz, Şəki və Qusar rayon mərkəzi xəstəxanaları, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Bərdə və Lənkəran rayon mərkəzi xəstəxanaları.

Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), tənəffüs sistemi xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, gözün və gözün əlavə aparatının xəstəlikləri və müəyyən simptomlarla bağlı olub.

2021-ci ilin noyabr ayında 11 tibbi ərazi bölməsi (TƏB) üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq aşağıdakı kimidir (TƏB haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar):

Bərdə-Yevlax TƏB (287 979), Gəncə TƏB (196 338),Quba-Xaçmaz TƏB (192 500), Şəki-Zaqatala TƏB (189 783), Şəmkir-Tovuz TƏB (105 460), Göyçay-Kürdəmir TƏB (102 435), Ağdam-Ağcabədi TƏB (99 326), Dağlıq Şirvan TƏB (84 176), Lənkəran TƏB (53 194), İmişli-Sabirabad TƏB (51 955) və Cəlilabad-Salyan TƏB (39 799).

Agentliyə daxil olan hesabatlara əsasən 2021-ci ilin yanvar-oktyabr ayları ərzində ölkə üzrə dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən stasionar cərrahi xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrində xidmət alması üçün 19 763 şəxsə 23 683 göndəriş verilib. Bu göndərişlərin 8 890-ı invaziv radiologiya, 4 687-si radiologiya, 3 338-i oftalmologiya, 1 973-ü urologiya, 1 564-ü ürək-damar cərrahiyyəsi, 993-ü neyrocərrahiyyə, 319-u travmatologiya, 212-si kardiologiya, 25-i isə ginekologiya üzrə verilib. Digər sahələr üzrə verilmiş göndərişlərin sayı 1 682 təşkil edib. Qeyd edək ki, göndərişlərin 22 339-u (94%) planlı, 1 344-ü (6%) isə təcili əsasla qeydə alınıb.

İlkin hesablamalara görə, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində ölkə üzrə 16 386 nəfər müvafiq göndərişə əsasən dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilib ki, bu şəxslərin 464 nəfərini uşaqlar təşkil edib.

Belə ki, 18 yaşdan yuxarı 5 985 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Həmçinin ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 4 866, oftalmologiya üzrə 2 958, urologiya üzrə 1 180 nevrologiya/neyrocərrahiyyə üzrə 639, travmatologiya üzrə 347, LOR üzrə 171, digər sahələr üzrə 143, ümumi cərrahiyə üzrə 69, ginekologiya və doğuş üzrə 28 nəfər əməliyyat olunub.

Qeyd edək ki, ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 237 nəfər 18 yaşdan aşağı şəxslərdir. Nəzərə çatdırırıq ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.

 Məlumat üçün bildirək ki, bütün ölkə üzrə noyabr ayı ərzində 620 651 nəfərə 1 044 998 müraciət üzrə 2 388 664 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin  1 956 210-u ambulator, 432 454-ü isə stasionar şəraitdə göstərilib.

Cari ilin yanvar-noyabr ayları ərzində isə 58 şəhər və rayon üzrə 2 546 746 vətəndaşa 6 368 363 müraciət üzrə 14 533 487 tibbi xidmət göstərilib. Qeyd olunan müddətdə bütün ölkə üzrə 3 781 748 şəxs tibb müəssisələrinə müraciət edib və onlara 9 266 053 müraciət üzrə 20 489 085 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 15 981 486-sı (78%) 18 yaşdan yuxarı, 4 507 599-u (22%) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 58 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 milyon 560 min 500 nəfər təşkil edir.