Azərbaycanda Dördüncü Sənaye İnqilabı, rəqəmsal transformasiya prosesləri, süni intellekt və əşyaların internetinə AzerGold-dan başlanacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gunduz məlumat verib.

O bildirib ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) açıqlayıb ki, AzerGold-da rəqəmsallaşma ilə bağlı real vəziyyət təhlil ediləcək, qiymətləndirmə aparacaq və gələcək inkişaf üçün yol xəritəsi hazırlanacaq:

“Xatırlayıram ki, 2-3 il öncə o zamankı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiya Agentliyi də ölkə üzrə innovativ durumu qiymətləndirmək üçün AzerGold-dan başlamışdı, qurum ilk dəfə olaraq  innovasiya auditini burada tətbiq etmişdi. Nəticəsi də sektorda hamıya məlumdur. Əlbəttə, şübhəsiz ki, dünyada rəqəmsal transformasiyanın qiymətləndirilməsi üzrə uğurlu model olan Ağıllı Sənaye Hazırlığı İndeksi (SİRİ) əsasında yuxarıda qeyd edilən qiymətləndirmənin xeyli faydası olacaq. Ancaq doğurdanmı  rəqəmsal transformasiya ilə bağlı, innovasiyaların inkişafı ilə bağlı 4SİM və digər aidiyyatı qurumların  ilk nöbvədə atacağı addımlar bunlar olmalıdır? Doğurdanmı məhdud resurslar bu tip lokal xarakterli tədbirlərə yönəldilməlidir”.

Mütəxəssis deyir ki, 4SİM və digər əlaqədar qurumlar daha konseptual həllər, tövsiyyələr təklif etməlidir, bütün ölkə üzrə innovasiyaları və rəqəmsal transformasiyanı sürətləndirə biləcək addımlara üstünlük verilməlidir:

“Məsələn, əsas fəaliyyət istiqamətləri  süni intellekt, əşyaların interneti və maşın öyrənməsi olan 4SİM-dən gözləntilərin ən əsası süni intellektin inkişafı ilə bağlı özlərinin də açıqladığı strategiya layihəsinin təqdim edilməsi ola bilərdi. Bu cür əhəmiyyətli bir sənədlə bağlı mesaj əvəzinə biz hansısa lokal xarakterli addımlar müşahidə edirik.

Düşünürəm ki, ölkədə rəqəmsal transformasiya, innovasiya ilə bağlı məsələlərdə pərakəndəlik, prioritetlərin müəyyən edilməməsi, konseptual baxışların olmaması öz sözünü deyir.

Ümumiyyətlə, rəqəmsallaşma sahəsində ölkədə konseptual baxışlar, prioritetlər müəyyən edilibmi?

5 il öncə qəbul edilməli olan İnnovasiya Strategiyası nə üçün ortaya çıxarılmadı və sonradan tam unuduldu?

Hazırlandığı ilə bağlı bir neçə dəfə açıqlama verilən rəqəmsal transformasiya strategiyasını da həmin talemi gözləyir?

Çox təəssüf edirəm ki, Prezident Administrasiyasının bu sektoru kurasiya edən strukturunun da koordinasiya işlərində, idarəetmənin təkmilləşdirilməsi və prioritetlərin, ümumi istiqamətlərin müəyyən edilməsində müdaxilələri, səyləri və dəstəyi yetərli deyil”.