Şirvan-Salyan Regional Təhsil İdarəsi Vətən müharibəsi qazisi İbrahim Hüseynovun məktəbdə xadimə təyin olunması məlumatları ilə bağlı açıqlama verib. 

İdarədən İqtisadiyyat.az-a bildirilib ki, məsələ tərəfindən araşdırılıb. 

Araşdırma nəticəsində məlum olub ki, 2020-ci ildə Azərbaycan Dövlət Pedaqoji  Universitetinin korreksiyaedici təlim ixtisası üzrə bitirmiş, Salyan rayon sakini İbrahim Hüseynov 15.09.2021-ci ildə Qarabağlı kənd 1 nömrəli tam orta məktəbinin direktorunun əmri ilə  öz xahişi və müraciəti əsasında məktəbdə texniki vəzifə üzrə işə götürülüb. 

"Şirvan-Salyan Regional Təhsil İdarəsi fəaliyyətə başladığı gündən bu günə qədər Salyan rayon sakini İbrahim Hüseynov iş yerinin dəyişdirilməsi və ya başqa vəzifəyə keçirilməsi ilə bağlı hər hansı bir müraciət etməyib. İxtisası korreksiyaedici təlim olan İbrahim Hüseynova Regional idarənin əhatə etdiyi təhsil müəssisələrində ixtisasına uyğun vakansiya yaranacağı təqdirdə işlə təmin olunmasına köməklik ediləcəkdir. 

Əlavə olaraq bildiririk ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin fəaliyyətə başladığı gündən tabeçiliyində olan məktəbəqədər və ümumtəhsil müəssisələri üzrə 42 nəfər şəhid ailə üzvü, 54 qazi müxtəlif vəzifələrə işə təyin olunub. 

Vakansiyalar yarandıqca növbəli şəkildə iş yerləri şəhid ailə üzvlərinə və qazi vətəndaşlarımıza təklif edilir".