Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ilin birinci yarımili üzrə maliyyə hesabatlarını açıqlayıb.

İqtisadiyyat.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ilin birinci yarımilində SOCAR-ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 69.4% azalaraq 1 milyard 414 milyon manat təşkil edib. 2022-ci ilin ilk altı ayında SOCAR 4 milyard 624 milyon manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə şirkətin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% azalaraq 42 milyard 181 milyon manata, satışın maya dəyəri isə 29.6% azalaraq 37 milyard 538 milyon manata bərabər olub. Bu dövrdə şirkətin əməliyyat mənfəəti 2 milyard 584 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 45.8% azdır.

Bu ilin 6 ayı ərzində şirkətin pul vəsaitləri 33.6% və ya 4 milyard 199 milyon manat azalaraq 8 milyard 291 milyon manat təşkil edib.

2023-cü ilin iyul ayının 1-nə SOCAR-in cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 13% və ya 10 milyard 484 milyon manat azalaraq 70 milyard 351 milyon manata, cəmi öhdəlikləri isə 22.7% və ya 10 milyard 778 milyon manat azalaraq 36 milyard 722 milyon manata enib.

Cari ilin iyun ayının 30-na şirkətin cəmi kapitalı 33 milyard 629 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 0.9% çoxdur.