“Bu məlumatlar şayiədir və sözügedən qərar hökumətin səlahiyyətindədir. Lakin limitin 300 dollardan 150 dollara endirilməsi ilə bağlı fikirlərin əsasları mövcuddur. Mən buna müsbət yanaşıram”. 

İqtisadiyyat.az xəbər verir ki, Ölkə.Az-a iqtisadçı ekspert Xalid Kərimli günlərdir ictimaiyyətin müzakirə etdiyi "limit endirilməsi" mövzusu ilə bağlı fikrini bildirərkən deyib.

Ekspert deyir ki, insanlar bu məsələyə birtərəfli baxır: “Trendyol” rəhbəri bir müddət əvvəl Azərbaycanda 3 milyon istifadəçisinin olduğunu açıqlamışdı. Bu, kifayət qədər böyük rəqəmdir. Əmək qabiliyyətli əhalinin sayına baxsaq, bir nəfərin 5-6 şəxsin yerinə də qeydiyyatdan keçdiyini deyə bilərik. Öz limitləri dolduqda digərindən istifadə edirlər”.  

X.Kərimlinin sözlərinə görə, Azərbaycanda kiçik mağazalarda, ticarət mərkəzlərində, keçidlərdə işləyən, ailəsini dolandırmağa çalışan minlərlə, bəlkə də on minlərlə sahibkar var: “Bu sahibkarlar sözügedən haldan əziyyət çəkir. Doğrudur, onlayn satışlar və yeni texnologiyaya qarşı çıxmaq olmaz. Lakin həmin sahibkarların əziyyət çəkdiyi və onlayn sifarişlərlə rəqabət apara bilmədiyi vergilər var. Hansı ki kommersiya məqsədləri üçün xaricdən mal idxal edilən zaman 35-36% vergi ödənilməlidir. Bu da həmin sahibkarların boğulmasına gətirib çıxarır”. 

“Əgər bu gün Azərbaycanda 3 milyon “Trendyol” qeydiyyatı varsa, bu o deməkdir ki, bu işi ticarətə çevirmiş şəxslər vergidən yayınmaq üçün yaxınlarının adına “user”lər açıblar. Vergi ödəyən kiçik sahibkarlar isə bu proseslə rəqabət apara bilmirlər”, - deyə ekspert əlavə edib.