Ötən gün Bakıda inşaat materialları bazarında və digər obyektdə ayrı-ayrı vaxtlarda yanğın hadisələri baş verib. Bu hadisələr yanğın təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Bazar, ticarət mərkəzləri və digər müəssisələrdə yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı mütəmadi olaraq işlər aparılsa da xoşagəlməz hadisələr baş verir. Ekspertlər deyir ki, içərisi yanar konstruksiyalardan ibarət olan, taxta kimi materialların satıldığı inşaat mağazalarında yanğın riski ilə bağlı qabaqlayıcı mübarizə tədbirləri gücləndirilməlidir. Bu kimi yanğın riski olan obyektlərin, ümumiyyətlə müəyyən olunmuş ərazilər üzrə çoxmərtəbəli yaşayış binalarının yaxınlığında daimi yerləşdirilməsi üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən yanğınsöndürən maşınların ayrılması da müzakirə oluna bilər.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, bütün təyinatlı obyektlərdə yanğın təhlükəsizliyi ilə bağlı qaydalara, norma və standartlara ciddi riayət olunmalıdır. 

Onun sözlərinə görə, əgər obyektdə yanğın riski yüksəkdirsə, bu halda təhlükəsizlik qaydalarına daha ciddi riayət edilməlidir. Ekspert deyir ki, obyektdə ilkin yanğınsöndürmə vasitələri mütləq olmalı, işçilərin açıq alovdan istifadə etməsinə imkan yaradılmamalıdır.

Bəzi obyektlərdə yanğınsöndürən maşınların olması vacibdir

E.Nurəliyev bildirir ki, ümumilikdə yanğınlar bərk və ya maye halında olan materialların alışıb yanmasından baş verə bilər və buna görə də hər yanğının qarşısının alınmasının öz spesifik üsulları var:

"Yanğın hadisəsindən heç kim sığortlanmayıb. Ona görə də çıxış yolu təhlükəsizlik qaydalarına maksimum diqqətli yanaşmaq lazımdır. Bəzi obyektlərdə yanğınsöndürən maşınların olması və ya bunu əvəz edəcək qurğuların yerləşdirilməsi vacibdir. Bu, beynəlxalq təcrübədə də mövcuddur. Obyektin təyinatından asılı olaraq fövqəladə vəziyyətdə təhlükəsiz toplanış yeri, ehtiyat su çəni və yanğın siqnalizasiya vasitələri olmalıdır. Eyni zamanda obyektdə bu vəziyyətə nəzarət edən şəxs ayrılmalıdır. Həmçinin işçilər daim yanğın təhlükəsizliyi ilə bağlı məlumatlandırılmalı və maarifləndirilməlidir. Maarifləndirmə tədbirləri sadəcə şifahi şəkildə deyil, həm də praktik olaraq öyrədilməlidir".

Ekspert hesab edir ki, xüsusən də soyuq aylarda istilik cihazlarına olan tələbatın artması yanğın təhlükəsini artırır: "Yanğın hadisələrində elektrik təsərrüfatlarının payı daha çoxdur. Bu fonda elektrik təsərrüfatları mütəmadi şəkildə yoxlanılmalıdır. Elə obyektlər var ki, elektrik naqillərinə baxış keçirilmir və naqillər yanma riski yüksək olan materialların üzərindən keçir. Nəticədə hər hansısa qığılcım və ya qızma yanğına səbəb olur". 

Hər obyektin yanına yanğınsöndürən maşınların yerləşdirilməsi mümkün deyil

Deputat Müşfiq Cəfərov isə İqtisadiyyat.az-a açıqlamasında Azərbaycanda bir neçə il əvvəl baş verən böyük yanğın hadisələrini xatırladıb. Onun sözlərinə görə, həmin vaxt müəyyən müddət üçün  ərazilərdə yanğınsöndürən maşınlar yerləşdirilmişdi:

"Xüsusən də yanğına daha çox meyilli olan binalara ciddi nəzarət edilirdi. Yəni, yanğınsöndürən maşınların yerləşdirilməsi müvafiq qurumun qərarına bağlıdır. Yanğın hadisəsi texniki bazaya məxsus məsələdir. Fövqəladə Hallar Nazirliyinin şəhər və rayonlar üzrə xəritəsi mövcuddur. Bu xəritədə hansı ərazidə yanğınsöndürmə obyektlərinin yerləşdirilməsinin əlçatan olduğu göstərilib. Ümumilikdə hər bir binanın, yaşayış məntəqəsinin və ya obyektin yanına yanğınsöndürən maşınların yerləşdirilməsi mümkün deyil. Nəzərə almaq lazımdır ki, şəhərdə yaşayış binaları və obyektlərin sayı artmaqda davam edir. Fikrimcə, yanğın hadisələrinin qarşısını almaq üçün daha çox əhali arasında maarrifləndirmə işləri həyata keçirilməlidir. Eyni zamanda sahibkarlar bu işə cəlb olunmalıdır. Çünki bir çox hallarda yanğın hadisələri ehtiyatsızlıqdan baş verir".


Gülşən Şərif