Elm və Təhsil Nazirliyinin tenderlərində tələb olunan texniki şərtlərə cavab verməyən iddiaçılar qalib elan olunub.

İqtisadiyyat.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatası Nazirliyin, eləcə də qurumun təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin (İdarə) 2021-2022-ci illərdə həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğu vəziyyətinin qiymətləndirilməsi üzrə auditində qeyd olunub.

Bildirilir ki, bir sıra hallarda satınalma metodlarının tətbiq edilməməsi, bağlanmış müqavilə şərtlərinin dəyişdirilməsi, həmçinin əsas şərtlər toplusunun iddiaçıların iştirakını məhdudlaşdıran şərtlərlə tərtib olunması, eləcə də tələb olunan texniki şərtlərə cavab verməyən iddiaçıların qalib elan olunması sahibkarların bu satınalmalarda rəqabətli iştirak payının tam təmin edilməsi imkanlarını da məhdudlaşdırıb.

Həmçinin icra edilmiş satınalmaların rüblər üzrə bölgüsü dövlət vəsaitlərinin icrasında ahəngdarlığın təmin edilməsinin tam olaraq gözlənilmədiyini, dövlət ehtiyaclarının ödənilməsi istiqamətində satınalmaların əsas hissənin, o cümlədən bir mənbədən satınalma metodunun tətbiq edildiyi halların 40,1%-nin ilin IV rübünə təsadüf etdiyini göstərir.