Azərbaycanın yeganə "Uşaq qəbiristanlığı" Sumqayıt şəhərində yerləşir.

İqtisadiyyat.az-ın əməkdaşı sözügedən ərazidə olub və məzarlığın tarixi ilə bağlı araşdırma aparıb.

Məlum olub ki, şəhərin Sülh prospektində yerləşən "Uşaq qəbiristanlığı" 1982-ci ildə salınıb.

Qəbiristanlığın nəzarətçisi İman İmanov deyir ki, burada 500-ə yaxın məzar var və sonuncu uşaq isə 2 ay əvvəl dəfn olunub.

Şəhərdə uşaqlar üçün ayrıca qəbiristanlığın salınmasına gəlincə isə bunun da səbəbləri məlum olub. 

Nəzarətçinin sözlərinə görə, Sovet dövründə şəhərdə fəaliyyət göstərən bir çox zavodda çalışanların körpələri zəhərli maddələrin təsirinə məruz qalır və mütəmadi olaraq uşaq ölümü hadisələri baş verirmiş.

Bu səbəbdən də salınan qəbiristanlıq məhz həmin uşaqların dəfn olunması üçün nəzərdə tutulub.