Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi etiraz aksiyaları zamanı çadırların quraşdırılmasını qadağan edən qanuna veto qoymaq niyyətindədir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb.

"Gürcüstan Prezidentinin 22 iyun 2022-ci ildə elan etdiyi kimi, o, ölkənin demokratik quruculuğuna və Avropa İttifaqının tövsiyələrinin ruhuna zidd olan bütün qanunlara veto hüququndan istifadə edir. Buna görə də prezident qanuna veto qoyacaq", - bəyanatda deyilir.

Bir gün əvvəl Gürcüstan parlamenti etirazlar zamanı müvəqqəti tikililərin quraşdırılmasını qadağan edən qanunu sürətləndirib.

Qanunu pozanları çadırların müsadirəsi və 500 lari (təxminən 192 dollar) məbləğində cərimə və ya 15 gün müddətinə həbs gözləyir. Cinayətin təşkilatçılarına qarşı cərimə 5 min lari (təxminən 1,9 min dollar) təşkil edəcək. Müxalifət bu təşəbbüsü vətəndaşların hüquqlarının süni şəkildə məhdudlaşdırılması hesab edərək ona qarşı çıxıb.