"Moskva Qərbin Ukraynada silah istehsalına başlamaq planlarını onun Rusiya-Ukrayna münaqişəsində iştirakının növbəti sübutu kimi qiymətləndirir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Biz bir sıra Avropa silah istehsalçılarının planlarını, xüsusən də Almaniyanın "Rheinmetall" şirkətinin və Britaniyanın "BAE Systems" şirkətinin İsveçdəki törəməsinin Ukrayna silahlı qüvvələri üçün hərbi texnika istehsalı, eləcə də təmir və texniki xidmət üzrə əməliyyatlar qurmaq planlarını görürük. Bu niyyətlər Qərbin müdafiə sənayesi və siyasətçilərinin birbaşa hərbi münaqişədə iştirak etdiyini və cinayətkar Kiyev rejimini dəstəklədiyini sübut edir", - Zaxarova deyib.

Zaxarova əlavə edib ki, Rusiyanın Almaniya və İsveçdəki səfirlikləri iki ölkənin şirkətlərinin Ukrayna üçün silah istehsal etmək planları ilə bağlı məlumat veriblər. Onun sözlərinə görə, Qərb müdafiə sənayesinin münaqişədən mənfəət əldə etmək niyyətləri Ukraynadakı vəziyyəti daha da gərginləşdirəcək.