Tokio Koreya Xalq Demokratik Respublikasının ilk kəşfiyyat peyki ilə təchiz olunmuş raketinin buraxılması ilə bağlı Pxenyana etirazını bildirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno mətbuat konfransında bildirib.

"Biz kəskin etirazımızı bildirdik. Bu cür hərəkətlər insanların təhlükəsizliyini təhdid edir", - Matsuno qeyd edib.

Onun sözlərinə görə, orbitə peyk çıxarmaq məqsədi ilə həyata keçirilsə belə, ballistik raketlərdən istifadəni nəzərdə tutduğu üçün buraxılış BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır.

Yaponiya Sahil Mühafizəsinin məlumatına görə, Pxenyan cənub istiqamətində atdığı raket Okinava prefekturasının yaxınlığında Yaponiya hava məkanını keçərək Sakit okeana doğru uçub. Dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl Şimali Koreya Yaponiya Sahil Mühafizəsini noyabrın 22-dən dekabrın 1-dək süni peyk buraxmaq planları barədə xəbərdar etmişdi. Pxenyan artıq may və avqust aylarında ilk kəşfiyyat peykini buraxmaq üçün iki uğursuz cəhd edib və peyki oktyabrda üçüncü dəfə orbitə çıxaracağına söz verib, lakin bu cəhd də baş tutmayıb.