Yaponiya hökuməti Rusiya Federasiyasına qarşı sanksiyaları genişləndirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat nazirliyi məlumat yayıb.

Məlumata görə, Yaponiya Rusiyaya idxalı qadağan olunmuş malların siyahısını genişləndirib. Təchizatı qadağan edilən malların siyahısına müxtəlif növ gəmilər - yanğınsöndürən və kran gəmiləri, qazma və ehtiyatların çıxarılması üçün üzən və sualtı platformalar, yaxtalar, idman gəmiləri daxildir.

Həmçinin qalıq yanacaqların, mineral yağların və onlardan hazırlanmış məhsulların, qeyri-üzvi kimya məhsulları və qiymətli metallar, habelə onların qeyri-üzvi birləşmələri (hidrogen xlorid, alüminium hidroksid), plastik və ondan hazırlanmış məmulatlar, volfram, molibden, kobalt, sirkonium, renium və onlardan hazırlanmış məmulatların Rusiyaya idxalı qadağan edilib.

Eyni zamanda, sanksiya tətbiq edilən malların siyahısına optik avadanlıqlar, ölçmə və sınaq alətləri, onların hissələri və aksesuarları daxil edilib. 

Qadağa mayın 10-dan qüvvəyə minəcək.