Xocavənddə mina terrorunda şəhid olan polis serjantı Ələsgər Əsgərov Naxçıvan şəhəri Əliabad qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

İqtisadiyyat.az xəbər verir ki, dəfn mərasimində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları, dövlət və hökumət, ictimaiyyət nümayəndələri iştirak edib.

Dəfn mərasimi fəxri qarovul və yaylım atəşi ilə müşayiət edilib. Sonda şəhidin atasına Azərbaycan bayrağı təqdim edilib.

Qeyd edək ki, 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.