Avstriya hüquq-mühafizə orqanları Vyanada terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılan 4 nəfəri dindirir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Kurier" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, onlar Milad bayramları zamanı insanların ən çox toplaşdığı yerlərdən biri olan Vyananın mərkəzində yerləşən Müqəddəs Stefan Katedralinə hücum planlaşdıra bilərdilər. Polis indiki mərhələdə istintaqın təfərrüatlarını açıqlamayıb.

Bundan əvvəl alman mediası İslamçı terror qruplaşmasının Milad mərasimləri zamanı Köln, Vyana və Madriddəki kilsələrə hücumlar planlaşdırdığını yazmışdı. Nəticədə Almaniya və Avstriyada bir neçə nəfər həbs edilib.

Vyana polisi Avropada terror təhlükəsinin artması ilə əlaqədar Milad bayramı zamanı artıq ictimai yerlərdə təhlükəsizlik tədbirləri görüb.