Müdafiə naziri general-polkovnik Zakir Həsənov Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın icrasının təmin edilməsi barədə əmr imzalayıb, Azərbaycan ordusunda COVID-19 xəstəliyi əleyhinə könüllülük prinsipi əsasında peyvəndləmə işlərinə başlanılıb. Vaksinasiya Strategiyasına uyğun olaraq ilk növbədə risk qruplarına peyvənd vurulur. Vaksinasiyanın həyata keçirilməsi üçün Bakı qarnizonu üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, işğaldan azad olunmuş ərazilərdə və digər yerlərdə yerləşən müvafiq hospitallarda həkimlər və tibb bacılarından ibarət peyvənd qrupları təşkil olunub, bütün lazımi şərait yaradılıb.

AZƏRTAC xəbər verir ki, bunu Silahlı Qüvvələrin baş sanitar həkimi, tibb üzrə fəlsəfə doktoru, tibb xidməti polkovnik-leytenantı Surxay Məmmədov deyib.

“Məhz Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın daimi diqqət və qayğısı, Ordu rəhbərliyinin ciddi tələbkarlığı, eləcə də hərbi həkimlərin fədakarlığı sayəsində Azərbaycan ordusunun epidemiya əleyhinə təminatı yüksək səviyyədə təşkil olunub. Belə ki, nə 44 günlük Vətən müharibəsinin gedişində, nə də ondan sonrakı dövrdə nəinki COVID-19, eləcə də digər yoluxucu xəstəliklərlə kütləvi xəstələnmə halları qeydə alınmayıb. Həyata keçirilmiş epidemiya əleyhinə effektli tədbirlərin nəticəsidir ki, hazırda Azərbaycan ordusunda COVID-19 xəstəliyinə görə epidemioloji vəziyyət stabil və qənaətbəxşdir”, - deyə S.Məmmədov bildirib.