Ukrayna Ali Antikorrupsiya Məhkəməsi rüşvət almaqda şübhəli bilinən Sumı şəhərinin meri Aleksandr Lısenko barəsində 3 milyon qrivna (təxminən 82 min dollar) girov qoymaq qarşılığında iki ay müddətinə həbs-qətimkan tədbiri seçib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

"Ukrayna Ali Antikorrupsiya Məhkəməsinin müstəntiq hakimi hədə-qorxu ilə tələb etməkdə və xüsusilə külli miqdarda qanunsuz gəlir əldə etməkdə şübhəli bilinən Sumi meri barəsində həbs qətimkan tədbiri seçib. Məhkəmə prokurorluğun vəsatətini qismən təmin edib və şübhəli şəxs barəsində 3 milyon qrivna məbləğində girov qoymaq qarşılığında həbs-qətimkan tədbiri seçilib", - deyə idarənin "Telegram" kanalında qeyd edilib.

Bazar ertəsi Lısenko Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən 2 milyon 130 min qrivna (58 min dollar) məbləğində pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmaya görə, o, rayonun infrastruktur şöbəsinin müdiri ilə birlikdə məişət tullantılarının emalı və daşınması ilə məşğul olan bir şirkətdən pul tələb edib. Əks halda təsərrüfat fəaliyyətinin həyata keçirilməsində süni problemlər yaradacaqları ilə hədələyiblər. SBU qeyd edib ki, şübhəlilər 1,430,000 qrivna (38 min dollardan çox) məbləğində növbəti rüşvəti alarkən saxlanılıblar.