"Rusiyanın Novorossiysk Hərbi Dəniz Bazasına edilən hücumda desant gəmisinin vurulması Rusiya donanması üçün böyük itkidir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov bildirib.

Yusov yerli televiziya proqramında pilotsuz dəniz vasitəsi ilə Rusiyanın Novorossiysk Hərbi Dəniz Bazasına edilən hücumla bağlı qiymətləndirmələr edib.

Andrey Yusov Novorossiysk hadisələrini Putin rejimi üçün “ciddi şillə” kimi qiymətləndirib.

O, böyük bir desant gəmisinin itirilməsinin Rusiya donanmasını zəiflətdiyini qeyd edib: "Təhlükəsizlik baxımından bu, işğalçıların donanması və sonrakı eniş əməliyyatlarının planlaşdırılması üçün böyük itkidir. Bu gəmilərin istifadəsi problemli hala gəlir və bu, işğalçıların nəzərə alması lazım olan ciddi amildir”.

Ukrayna mediası Rusiyanın Novorossiysk Hərbi Dəniz Bazasına pilotsuz dəniz vasitəsilə edilən hücumun Ukrayna Təhlükəsizlik Xidməti və Hərbi Dəniz Qüvvələri ilə birgə həyata keçirildiyini açıqlayıb.

Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbə mətbuata verdiyi açıqlamada bildirib: "Hücum nəticəsində "Olenegorskiy Gornyak" gəmisinə ciddi ziyan dəyib və hələ ki, döyüş vəzifələrini yerinə yetirə bilmir. Rusiyə tərəfi hücumun dəf edildiyini bildirib, amma bu, həqiqəti əks etdirmir”.