"Rusiyanın Qazaxıstan və Özbəkistanla qurmaq istədiyi “üçlü qaz ittifaqı” ilə bağlı aydınlıq və şəffaflığa ehtiyacı var".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkmənqaz Dövlət Korporasiyasının sədr müavini Murat Arçayev bildirib.

Arçayev Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin rəhbəri Dmitri Briçevskinin Rusiyanın Qazaxıstan və Özbəkistanla qurmağı planlaşdırdığı üçtərəfli qaz ittifaqı ilə bağlı sözlərini dəyərləndirib.

“Rusiya təbii qaz sektorunda üçtərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını istisna etmir və bilir ki, başqa dövlətlər də bunda maraqlıdır”, - Briçeyski bildirib. 

Arçayev bu sözlərin bir sıra suallar doğurduğunu diqqətə çatdırıb.

Rus diplomatın hansı “genişlənmə imkanlarından” bəhs etdiyi və “başqa hansı dövlətlərin” maraqlandığı kimi suallara dəqiq cavabın olmadığını bildirən Arçayev, Rusiya, Qazaxıstan və Özbəkistan arasında “üçtərəfli qaz ittifaqı”nda tam açıqlıq və şəffaflığın zəruriliyini vurğulayıb.

Arçayev qeyd edib ki, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Çin arasında Orta Asiyadan təbii qazın Çinə nəqli ilə bağlı uzunmüddətli əməkdaşlıq mövcuddur.