"Türkiyə və Misir Fələstinin Qəzza zolağında dərhal atəşkəs əldə olunmasını və anklav sakinlərinə humanitar yardımın maneəsiz çatdırılmasını müdafiə edir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Misir prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə səfərdə olan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.

"Türkiyə prezidenti ilə danışıqlar zamanı biz Qəzza zolağında dərhal atəşkəsin və anklavın əhalisinə lazımi humanitar yardımın maneəsiz çatdırılmasının təmin edilməsinin zəruriliyini təsdiqlədik", - deyə Misir prezidenti bildirib.

Misir liderinin sözlərinə görə, Qahirə Qəzza sakinlərinə humanitar yardım göstərmək üçün hər cür səy göstərir, lakin "İsrail yardım maşınlarının Fələstin sektoruna daxil olmasını məhdudlaşdırır".

Mətbuat konfransı zamanı əs-Sisi Türkiyə tərəfi ilə "Şərqi Aralıq dənizində sabitliyin yaradılmasına və bütün fikir ayrılıqlarının həllinə" ümid etdiyini bildirib. 

Misir prezidentinin sözlərinə görə, o və türkiyəli həmkarı Liviyada təhlükəsizlik və siyasi sabitliyin əldə edilməsinin tərəfdarıdır.

Misir prezidenti həmçinin 2024-cü ilin aprelində Türkiyəyə səfəri etmək niyyətində olduğunu açıqlayıb.

Birgə mətbuat konfransından əvvəl əs-Sisi və Ərdoğan bir sıra ortaq sazişlər, xüsusilə də Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəaliyyətinin bərpasına dair bəyannamə imzalayıblar.