Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç Ukraynanın ardınca Rusiyaya səfər edərək humanitar dəhlizin açılması məsələsini müzakirə etmək və ukraynalı məhbuslarla görüşmək niyyətindədir. 

İqtisadiyyat.az xəbər verir ki, o bu barədə "TRT Haber" telekanalına bildirib. 

Ombudsman qeyd edib ki, səfərin nəticələrinə əsasən hesabatlar hazırlanaraq Rusiya Federasiyası, Ukrayna rəhbərliyinə və beynəlxalq təşkilatlara təqdim ediləcək. 

"Keçən il biz Ukrayna və Rusiyanın ombudsmanlarını Türkiyədə topladıq, prezident Rəcəb Təyyib Ərdoğan ilə görüş keçirdik. Biz taxıl dəhlizinə bənzər humanitar dəhliz açılmasını xahiş etdik. Lakin böhran və İsrailin Yaxın Şərqdəki əməlləri bu planları pozdu. Amma bu iş bərpa olunmalıdır. Sülhə doğru, insanların əsirlikdən azad edilməsi və ya ailələrinə qovuşması istiqamətində atılan hər addım mühüm və dəyərlidir. Biz artıq bunun nə qədər çətin olduğunu bilirik, Ukraynada bunu görmüşük və yaşamışıq, lakin ümidsizliyə qapıla bilmərik, biz səbirlə və əzmlə bu işi davam etdirəcəyik", - Türkiyə Ombudsmanı əlavə edib.

Bu həftə Malkoç Ukraynaya səfər edib, burada rus məhbusların saxlandığı yerlərə baş çəkib və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.