Türkiyə hökuməti bazar ertəsi prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iclas keçirəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı prezident administrasiyasındakı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, iclasın gündəmindəki əsas məsələlər İsrail və Fələstin arasındakı münaqişənin həlli və bu istiqamətdə Ankaranın göstərdiyi diplomatik səylər olacaq .

Xüsusilə Ərdoğanın Qəzzada tezliklə atəşkəs və Fələstin anklavına humanitar yardımın fasiləsiz çatdırılmasının təşkilinin vacibliyini bildirən son xarici səfərlərinin nəticələrinin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, Ərdoğan Ankaranın böhranın həllində vasitəçilik etməyə hazır olduğunu açıqlayıb və Yaxın Şərq üzrə sülh konfransının keçirilməsini təklif edib.

Noyabrda Türkiyə lideri Türk Dövlətləri Təşkilatının Astanada, İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə, İslam Əməkdaşlıq Təşkilatının Ər-Riyadda keçirilən sammitlərində iştirak edib. Cümə günü o, Almaniyaya səfər edib. Ərdoğan bildirib ki, 2000-dən çox hüquqşünas İsrailin Qəzza zolağında törətdiyi cinayətlərə görə müxtəlif instansiyalarda məhkəməyə müraciət edəcək.

Türkiyə hökumətinin iclasında Qəzza sakinlərinə humanitar yardımın göstərilməsi, xəstə və yaralıların müalicə üçün bölgədən Türkiyəyə daşınması məsələlərinə də baxılması planlaşdırılır.