Sabah Türkiyə Milli Təhlükəsizlik Şurası (MTŞ) toplanacaq. Prezident Rəcəb Tayyib Ərdoğan ilin ilk Milli Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək. İclasın əsas gündəliyi terrorla mübarizə olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

MTŞ-nin ilin ilk toplantısında əsas gündəmi terrorla mübarizə olacaq. Ölkə daxilində və xaricdə terror təşkilatlarına qarşı mübarizədə atılan addımlar dəyərləndiriləcək.

Yanvarın 13-də prezident Ərdoğanın sədrliyi ilə İstanbulda keçirilən təhlükəsizlik toplantısında alınan qərarlar müzakirə ediləcək.


MİT sədri Kalının İraqa səfəri

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın İraqa səfər edib.

Kalın səfər çərçivəsində İraq prezidenti Əbdüllatif Rəşid, İraqın baş naziri Məhəmməd Şiya Əl Sudani, şiə və sünni qrupların nümayəndələri və türkmənlərlə görüşüb. Görüşlərdə terrorla mübarizə və bu mübarizədə atıla biləcək ümumi addımlar müzakirə edilib. Yığıncaqda Kalının səfəri və səfərin nəticələrinin də qiymətləndirilməsi gözlənilir.


İsrailin Qəzzadakı addımları 

İsrailin Qəzzaya hücumları və onların bölgəyə təsiri və münaqişənin yayılma riski də görüşün mühüm mövzularındandır.

Xarici işlər naziri Hakan Fidanın da qatılacağı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Fələstinlə bağlı iclasın nəticələrinə baxılacaq.

MTŞ-də Qırmızı dənizdəki son hadisələr və Rusiya-Ukrayna müharibəsinin də gündəmdə olacağı gözlənilir.