Türkiyə hakimiyyəti İsrailə qarşı bəzi yeni əks tədbirlər görməyə qərar verib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.

"İsrailin Qəzza zolağının əhalisinə yardım çatdırmaq cəhdlərimizi əngəlləmək üçün heç bir bəhanə yoxdur. Bu vəziyyətlə əlaqədar olaraq İsrailə qarşı bir sıra yeni tədbirlər tətbiq etmək qərarına gəldik. Prezidentimizin təsdiq etdiyi bu tədbirlər gecikmədən və mərhələli şəkildə həyata keçirilir. Onlar İsrail tam atəşkəs elan edənə və Qəzzaya maneəsiz yardımın çatdırılmasına icazə verənə qədər qüvvədə qalacaq", - Fidan qeyd edib. Ancaq o, konkret olaraq hansı tədbirlərdən danışdığını açıqlamayıb.

Nazir izah edib ki, əvvəllər humanitar yardım İordaniya vasitəsilə Qəzzaya göndərilib və paraşütlərdən atılıb. Onun sözlərinə görə, Türkiyə İordaniyanı bu işə qoşulmağa və öz hava qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə yardım göstərməyə dəvət edib: "Bu təklif İordaniya hakimiyyəti tərəfindən müsbət qarşılanıb. İsrailin bu planı rədd etməsi bu gün məlum olub".

Bildirilib ki, Türkiyənin planlaşdırdığı tədbirlər yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdırılacaq.

Xarici işlər naziri həmçinin qeyd edib ki, Türkiyə əvvəldən fələstinlilərin problemlərindən kənarda qalmayıb: "İslam dünyasının və beynəlxalq ictimaiyyətin İsrailə qarşı mövqe tutması üçün səylər göstərdik. Bunda da uğur əldə etdik. İndi bütün dünya ictimaiyyəti İsrail hakimiyyətinin beynəlxalq məhkəmə qarşısında cavab verəcəyi günü gözləyir".

Fidan qeyd edib ki, Türkiyə bu günə qədər Qəzza sakinlərinə 42 min ton yardım göndərib. Bu yaxınlarda doqquzuncu gəmi Türkiyədən yardım məqsədilə ayrılıb.